“Araz-Naxçıvan”ın 2 futbolçusu – Kristian Avram və İssuf Paro növbəti mövsümdə də bu komandanın formasını geyinəcəklər.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, ötən gün baş məşqçi Elmar Baxşıyevlə sözləşməsinin müddətini artırmış Premyer Liqa təmsilçisi 2 futbolçusu ilə də yeni müqavilə imzalayıb. Belə ki, Kristian Avram və İssuf Paro növbəti mövsümdə də bu komandanın uğurları üçün çalışacaqlar. Qolkiperlə 1, müdafiəçi ilə 1+1 il müddətinə anlaşma əldə olunub.
Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü ildən “Araz-Naxçıvan”da çıxış edir. Paro isə 2024-cü ildən “qırmızı-ağlar”ın heyətində yer almaqdadır.
Moldovalı qolkiper Naxçıvan təmsilçisinin heyətində indiyə qədər 75 oyuna çıxıb. 30 yaşlı qapıçı bu oyunlarda 77 qol buraxıb, 26 matçda qapısını toxunulmaz saxlayıb.
Burkina Fasodan olan Paro isə 32 oyun keçirib. 30 yaşlı müdafiəçi bu görüşlərdə 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


