Kristian Sebalyos “Sabah”ı tərk etdi – Rəsmi

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sabah” hücumameyilli yarımmüdafiəçisi Kristian Sebalyos ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ispaniyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti artırılmayıb. Sebalyosa klubdakı xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Sebalyos 2021-ci ilin avqust ayından “Sabah”ın uğurları üçün çalışırdı. 31 yaşlı yarımmüdafiəçi paytaxt klubunun heyətində 31 oyuna çıxıb, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Onu da xatırladaq ki, Kristian Sebalyos futbol üzrə Azərbaycan çempionatının tarixinə düşüb. O, Azərbaycan çempionatları tarixində 13000-ci qolun müəllifi kimi yadda qalıb. İspan futbolçunun vurduğu yubiley topu Premyer Liqanın 2022/23 mövsümünün 1-ci turunun “Sabah” – “Sumqayıt” görüşünə (3:0) təsadüf edib. Qarşılaşmadakı sonuncu qolun müəllifi olan Kristian Sebalyos ölkə çempionatlarının 30 illik tarixinə düşüb. O, 13 mininci qolun müəllifi olub. Bu, 5100-cü qarşılaşmaya təsadüf edib. Daha 278 matçda texniki nəticə qeydə alınıb.

Sebalyos karyerası ərzində “Sent-Trüden”, “Əl-Vakra”, “Tottenhem” (U-21), “Aroka”, “Çarlton”, “Qatar” kimi klublarda da forma geyinib.

“Sabah” ötən gün Davit Volkovla da yollarını ayırdığını açıqlamışdı. Gürcü futbolçu yenidən əvvəlki klubu “Zirə”yə qayıdıb. Kristian Sebalyosun karyerasını harada davam etdirəcəyi isə bilinmir.

Xəbəri sosial şəbəkələrdə paylaş: