Kuç və Yankoviç Türkiyədə, Mutsinzi Benində məğlubiyyətə üzüldü

“Qarabağ”ın futbolçusu Marko Yankoviç və “Neftçi”nin oyunçusu Edvin Kuç Monteneqro yığmasında növbəti oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, Azərbaycanda çıxış edən bu iki oyunçunun formasını geydiyi Monteneqro millisi ötən gecə UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Türkiyə yığması ilə qarşılaşıb.

Samsun şəhərində təşkil olunmuş oyun Türkiyə millisinin qələbəsi ilə başa çatıb – 1:0. İrfan Can Kahveçinin 69-cu dəqiqədə vurduğu qol meydan sahiblərinə vacib 3 xal qazandırıb.

Monteneqro millisinin heyətində meydana start heyətində çıxan Edvin Kuç 69-cu dəqiqədə Marko Yankoviçlə əvəzlənib.

Qeyd edək ki, 3 turdan sonra Monteneqro millisinin xalı yoxdur. Türkiyə yığması isə 7 xalla qrup lideridir.

Edvin Kuç “Neftçi”yə bu ilin yayında azad agent kimi keçib. 30 yaşlı mərkəz yarımmüdafiəçisinin paytaxt klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, “ağ-qaralar”ın heyətində 6 oyuna çıxsa da, fərqlənə bilməyib. Kuç 2023-cü ilin oktyabrında debüt etdiyi Monteneqro yığmasında 8 oyun keçirib, 3 qol vurub.

Marko Yankoviç isə 2022-ci ilin iyul ayından “Qarabağ”da çıxış edir. 29 yaşlı yarımmüdafiəçinin Ağdam klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var. O, “Qarabağ”ın heyətində 98 oyuna çıxıb, 7 qol vurub, 13 assist edib. Marko 2016-cı ilin mayında debüt etdiyi Monteneqro yığmasında 48 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Zirə”nin legioneri 90 dəqiqə oynadı, darmadağınla üzləşdi

Ötən gecə Afrika Millətlər Kubokunun seçmə mərhələsində də 3-cü turun oyunları keçirilib. “Zirə”nin müdafiəçisi Ange Mutsinzinin üzvü olduğu Ruanda millisi səfərdə Beninin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Zirə”nin müdafiəçisi də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan Mutsinzi sonadək mübarizə aparıb.

3 turdan sonra aktivində 2 xal olan Ruanda yığması 4 komandanın yer aldığı qrupda 3-cü yeri tutur. Komanda növbəti oyununu oktyabrın 15-də Beninə qarşı keçirəcək.

Ange Mutsinzi “Zirə”yə bu yay Norveçin “Jerv” klubundan cəlb olunub. Mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. O, Azərbaycan klubunun heyətində hələlik 16 oyun keçirib.

Mutsinzi 2019-cu ilin sentyabr ayında debüt etdiyi Ruanda yığmasının heyətində 25 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: