Kurban Berdıyev: “Ağır qələbəyə görə çox sevinirəm”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 3-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı matç bu gün Bakıda baş tutub və “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Ağır qələbəyə görə çox sevinirəm. “Neftçi” bu mövsüm daha yaxşı komanda kimi formalaşıb, həm də heyətini gücləndirib. Meydanda oyunçuların sayı eyni olanda, üstünlük gah rəqibdə, gah da bizdə olurdu. Rəqib meydanda azlıqda qaldıqdan sonra hesabı qorumaq istəyirdik. Bu da səhvlərə gətirib çıxarırdı”.

Kurban Berdıyev bu yay heyətə cəlb edilmiş İbrahima Vadjinin performansından da söz açıb:

“Bəzi epizodlarda ondan razı qaldım. Getdikcə artırır. Toplanışda iştirak etməmişdi. Bu oyuna pis qoşulmadı. Bəzi məqamlarda daha yaxşı ola bilərdi”.

Kurban Berdıyev “çempionluğa oynamaqdan ötrü daha neçə futbolçuya ehtiyac var” sualını belə cavablandırıb:

“Mövsüm hələ yeni başlayıb. Elə komanda yoxdur ki, istədiyi kimi oynasın. Hər komanda üçün mövsümün əvvəlində çətin olur. Bir neçə transfer planı var. Amma mövqelər barədə danışmayacağam”.

“Bəxtimiz gətirmir” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov isə komandasının yeni mövsümdəki ilk məğlubiyyətinə belə şərh verib:

“Epizodlar yaratdıq. Təəssüf ki, bəxtimiz də gətirmir. Əvvəlki matçlarda da belə idi. Digər matçlara baxanda, bu gün meydanda başqa “Neftçi” var idi. Çox ritmli və dinamik idik. İlk dəqiqədən komandanın niyyətinin nə olduğu bəlli idi. Qol buraxdıqdan sonra da təzyiqi davam etdirdik. Futbolçular çox istəyirdilər ki qol vuraq, udaq. İkinci hissədə qırmızı vərəqə ilə planlar pozuldu. 10 nəfər qaldıqdan sonra da müdafiəçilər soyuqqanlı və məharətlə oynadılar. Qapımızda epizod görmədən uduzduğumuz oyun oldu”.

Samir Abasov buraxılan qolda səhvi olan qapıçı Kənan Piriçdən də danışıb:

“Qapıçının səhvi var. Amma bir səhvlə onu silmək, nəsə fikir bildirmək istəmirəm. Digər oyunçular da, hamımız onun yanındayıq. İnanıram ki, təcrübəsini, digər liqalardakı performansını bizdə də göstərəcək. İşimiz bu dəqiqə oyunçu cəzalandırmaq deyil. Hər bir adam səhv edə bilər. Əsas odur ki, futbolçunu qoruyaq. Necə ki, qoruyuruq. Super Liqadan qapıçı gətirmək asan iş deyil. “Neftçi” bunu etdi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: