“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 3-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, türkmən mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Qələbədən çox məmnun qaldım. Qələbəyə görə futbolçularımı təbrik edirəm. Bu gün derbi olduğunu hiss etdik. Azarkeşlərdən də bunu hiss etmək olurdu. Oyunun yaxşı və pis hissələri var idi. Hələ çox çalışmalıyıq. Hər şeydən əvvəl psixoloji baxımdan narazı qaldım. Hesab 2:0 olandan sonra futbolçular rahat oynamağa başladılar. Buna görə deyirəm ki, üzərində işləməli olduğumuz məqamlar var. Müzakirələr zamanı futbolçulara səhvlərini göstəririk. Bu səhvlərin üzərində işləməliyik”.
Kurban Berdıyev Tural Bayramlının 90 dəqiqə oynamağa hazır olub-olmadığı, Otto Conun qol vurmaqda çətinlik çəkdiyi barədə suallara da cavab verib:
“Tural Bayramlı fiziki cəhətdən hazırdır. Digər oyunçulara da şans vermək üçün belə addım atırıq. Komandaya yeni hücumçu cəlb olunmayacaq. Bizdə Aleks Souza da var. Otto Cona gəlincə, bəzi məqamlarda problemlər var. Ötən mövsüm 10 qol vurub. Biz ona yenə inanırıq. Realizasiya məsələsində bir az axsayır. Bu, mənim üzərimə düşən işdir. Aradan qaldırmağa çalışacağıq”.
Adil Şükürov: “Kəpəz” aşağı liqaya düşməyəcək”
“Kəpəz”in baş məşqçisi Adil Şükürov da matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb:
“Biz yeni komanda qururuq. Heyət yenidən formalaşır. Hər dəfə oyunlardan sonra bunu deyirəm. Bu gün yenə vurğulamaq istəyirəm. Komandanın özünə gəlməsi üçün vaxt lazımdır. Soruşa bilərsiniz ki, nə qədər zaman lazımdır? Onu deyim ki, yeni futbolçuların bir-birinə uyğunlaşması çox vacib amildir. Bu da vaxt aparan bir prosesdir. Futbolçular adaptasiya dövrünü nə qədər tez keçsələr, bizim oyunumuz bir o qədər tez düzələcək və nəticələr gələcək. Əvvəlki oyunlara nisbətən bu gün cuzi də olsa, müəyyən şeylərin düzəldiyini görmək mümkündür. Ümid edirəm ki, qarşıdakı matçlarda nəticəyə yönələn oyunlar izləyəcəyik. Komanda aşağı liqaya düşməyəcək. Mənim istəyim komandanın futbol oynamasıdır”.


