“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Kubokunun 1/8 finalında “Şahdağ Qusar”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə Tovuz təmsilçisi 2:1 hesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu, klassik kubok oyunu idi. Adətən belə matçlar gərgin keçir. Bu oyun da istisna deyildi. Bəzi futbolçularımıza da oynamaq şansı verdik. Bu oyun üçün motivasiyamız çatışmırdı”.
Tovuz təmsilçisinin təcrübəli çalışdırıcısı yerli futbolçulara daha çox şans verməsinin Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun son açıqlamaları ilə bağlı olmadığını vurğulayıb:
“Azərbaycan milli komandasının baş məşqçisinin nə deməsi məni narahat etmir. Yerli oyunçulara sonradan səhvlərini təhlil etmək üçün daha çox vaxt verdik ki, onlar çempionatda eyni səhvləri təkrarlamasınlar”.


