Kurban Berdıyev: “İtkilərə görə ciddi səhvlərimiz oldu”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 35-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Layiqli qələbə qazandıq. Bəzi epizodları dəyərləndirə bilmədik. Tovuzdakı oyunla bu matç arasında hansı fərqlər var idi? Fərq sadəcə detallardadır. Bu haqda danışmaq istəmirəm”.

Kurban Berdıyev “Müdafiəçiləriniz zədələnməsəydi, “Turan Tovuz” mövsümü 3-cü yerdə bitirə bilərdi” sualına belə cavab verib:

“Denis Marandiç, Roderik Miller, Şəhriyar Əliyevin olmaması oyunumuza ciddi təsir etdi. Bir oyunçu olmayanda onu necəsə əvəz etmək olar? Demək olar ki, bütün müdafiə xətti sıradan çıxdı. Gələn oyunçuların da onların yerini tutması xeyli vaxt apardı. Yeni ilə qədər demək olar ki, ciddi səhvlərimiz olmurdu. Amma çempionatın ikinci yarısında itkilərə görə ciddi səhvlərimiz oldu”.

Kurban Berdıyev mövsümü də dəyərləndirib:

“Mövsümün əvvəlində desəydilər ki, 4-cü yeri tutacaqsınız, bundan razı qalardım. Azərbaycan çempionatını tanımırdım. Amma çempionatın gedişinə əsasən deyə bilərəm ki, daha yaxşı ola bilərdi. Əsas oyunçularımızın yoxluğu ciddi təsir etdi”.

“Azarkeşlərə yaxşı nəticə hədiyyə etmək istəyirdik”

“Sumqayıt”ın məşqçisi Vurğun Hüseynov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Hələ ki, özümü məşqçi hesab etmirəm. Biz özümüzü məşqçi hesab etsək, neçə illərdir nəticə qazanan məşqçilərə hörmətsizlik etmiş olarıq. Vüqar Mustafayev karyerasını başa vurdu. Ona ən xoş arzularımı çatdırıram. Biz demək olar ki, heç nə etməmişdik. Futbolçular sağ olsunlar, meydana çıxıb özləri oynadılar. Sonuncu ev oyunumuz idi. Azarkeşlərə yaxşı nəticə hədiyyə etmək istəyirdik. Amma olmadı.

Neçə il futbol oynamışam. Amma məşqçilik tam başqa bir şeydir. Həqiqətən çox çətindir. Futbol oynamağa nə var ki? Məşqçi bütün kollektivə cavabdeh olmalıdır. Bunun üçün böyük təcrübə lazımdır. Məşqçi ola bilməsəm, başqa sahəyə yönələcəyəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: