Kurban Berdiyev: “Kəpəz” üzərində qələbəyə layiq idik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 6-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi Bakıda qəbul etdiyi Gəncə klubunu 3:0 hesabıyla məğlub edib.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı köklənmişdik. Futbolçular intizamlı və səhvsiz oynadılar. Bu gün qələbəyə layiq idik.

İbrahima Vadji xəstə idi. Məşq etməmişdi. Funksional formasından razıyıq. Təəssüf ki, məşqi buraxmışdı.

Digər komandalar kimi, bizdə də müəyyən çatışmazlıqlar var. Biz də digər komandalarla mübarizə aparacağıq. Vaxt var. Çalışmalarımıza davam edəcəyik. Bizdə kim güclüdürsə, o da oynayacaq. Şükür Allaha, hazırda komandamız yaxşıdır. Kifayət qədər oyunçumuz var. Kim yaxşı olacaqsa, o da meydana çıxacaq”.

“Kəpəz”ə müvəqqəti rəhbərlik edən Xaliq Mərdanov isə məğlubiyyətə belə şərh verib:

“Rəqibi analiz etmişdik. Zəif və güclü tərəflərini bilirdik. Həftəiçi məşqlərdə də onun üzərində işlədik. Sadəcə, fərdi səhvlərdən qapımızda qollar gördük. Dönüş etmək istəsək də, alınmadı. Komandada olan məğlubiyyət ruhunu qələbəyə dəyişmək istəyirik. Təəssüflər olsun ki, bu gün alınmadı. Buna vaxt lazımdır. Qismət olsa, gələcək oyunlarda bunu aradan qaldırarıq.

Əslində, komandanın potensialı var. Fərdi olaraq, keyfiyyətli oyunçularımız var. Sadəcə, bunu komanda şəklinə çevirmək lazımdır. Zamana ehtiyac var. Yeni nəfəs lazımdır. Məşqçilərdən söhbət gedir. Özümdən danışmıram. Kimsə gələcək, komandada intizam yaradacaq. Gələcək oyunlarda komanda şəklində özlərini göstərə bilərlər.

Komandanın 95 faizi yenidir. Futbolçuların hamısı yenidir, gəncdirlər. U-16, U-17, U-19 heyətlərindən ibarət əvəzedici heyət formalaşdırmışıq. Digər klublara baxsaq, əsas komandadan əvəzedici heyətə 5-6 oyunçu göndərirlər. Biz sırf akademiyamızın öz oyunçularının potensiallarını üzə çıxararaq, əsas komandaya yetişdirmək istəyirik. Biz bu dəqiqə nəticə haqda fikirləşmirik. İstəyirik ki, yeni, gənc futbolçular üzə çıxaraq. Gəncə futbolunun keçmişdə olan əzəmətini qaytarmaq istəyirik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: