Kurban Berdiyev: “Turan Tovuz” indi daha müdrik oynayır”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Premyer Liqanın 10-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 4:2 hesablı qələbəyə sevindikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İki fərqli hissə izlədik. “Zirə” ilə oyunun ilk hissəsində pis oynamışdıqsa, ikinci hissədə əvəzetmələrdən sonra yaxşı çıxış etmişdik. Bu dəfə tam əksi oldu. Səbəbini axtaracağıq.

Komanda müdafiə planında zəifləyib? Buna görə yalnız müdafiəni qınamaq olmaz. Müdafiə bütün komanda deməkdir. Burada da problemlər var idi. Buna görə də birdən-birə 4 əvəzetmə edik, komandanı bir az yeniləmək istədik. Çünki rəqib boşluqlar tapırdı. Təəssüf ki, düşündüyümüz kimi olmadı. Halbuki, “Zirə” ilə oyunda məhz bu oyunçular fərq yaradıb, xeyir vermişdilər”.

Kurban Berdıyev avqustda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyunla bugünkü qarşılaşmanı müqayisə edib:

“İki oyunu müqayisə etsək, indi daha müdrik oynamağa başlamışıq. Bunu həm hücumdakı, həm də müdafiədəki oyunumuza aid etmək olar. Tovuzda da, burada da ikinci hissənin əvvəlini uduzmuşduq”.

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə debütündəki məğlubiyyətə belə şərh verib:

“Oyuna çox yaxşı başladıq. Oyun ərzində də üstün tərəf biz idik. Sadəcə, “Turan Tovuz” fərdi səhvlərimizdən istifadə edib qapıya 4 zərbə endirdi və qollar vurdu. Ümumilikdə, komandadan razıyam. Futbolçularım yavaş-yavaş fiziki cəhətdən daha da yaxşılaşacaq. Daha da sürətli futbolun şahidi olacağıq. Bu məğlubiyyətin məsuliyyətini mən daşıyıram, futbolçuların heç bir günahı yoxdur. Nəzarət bizdə idi. Şanssızlıq məğlubiyyətə gətirib çıxardı.

Futbol hazırda fiziki güc tələb edir. Bu yöndə çalışacağıq. İnanıram ki, yaxın zamanda çatışmazlıqları aradan qaldıracağıq. Bu komanda daha da yaxşı olacaq. Kimliyindən asılı olmayaraq, intizam bir nömrədir. Mənim üçün önəmli olan birlik, bərabərlikdir. Hər futbolçu bunu dərk etməlidir. İnanıram ki, sürətli oynayan “Sumqayıt” görəcəyik. Necə ki, zaman-zaman bu oyunda gördük.

“Səbail”lə oyun maraqlı olacaq. Onlara da, bizə də xal lazımdır. İnanıram ki, dəyişikliklər olacaq. İnanıram ki, həmin səhvlər olmayacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: