“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:2 hesabıyla başa çatmış səfər oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyəyib:
“Paltardəyişmə otağında uşaqlara dedim ki, hər iki hissənin ilk dəqiqələrini uduzduq. Amma ümumən xarakter göstərdik. Futbolçularımdan çox razı qaldım. Komandamızın oyununda yaxşı məqamlar da var, yaxşı olmayan məqamlar da. Bəzi problemlər var. Ona görə də tam razıyam desəm, düz olmaz. Amma futbolçular həm məşqdə, həm də oyunda əllərindən gələni edirlər. Bu, bizi qane edir. Bu gün Şəhriyar Əliyevin yoxluğu hiss olunurdu. Amma ümumən uşaqlar öhdəsindən gəldilər.
Çalışırıq ki, oyunçularımız nəinki oyunda, hər zaman intizamı qorusunlar. Bunun üzərində işləyirik. Nizam-intizamı hissələrə bölmək olmaz, bu, bütöv bir anlayışdır.
Kurban Berdıyev son dəqiqələrdə sayılmayan qolla da bağlı fikirlərini bölüşüb, eləcə də azarkeşlərin çempionluq arzusundan söz açıb:
“Yan xətt hakimi bildirdi ki, top göydə olanda meydanı tərk edib. Amma videoda görünmürdü. Bu, artıq onun qərarıdır.
Tərəfdarlarımızın çempionluq haqda düşünməsinə gəlincə, bu, azarkeşlərin təbii istəyidir. Biz onlara təşəkkür edirik. Futbolçularım hər oyunda daha çox can qoymağa çalışırlar. Necə alınacağını Allah bilir. Təcrübə onu göstərir ki, komanda bütövləşirsə, nizam-intizamı qoruyursa, onda sürpriz qeydə alına bilər”.
Krunoslav Renduliç: “Səviyyəmizdən aşağı çıxış etdik”
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç də məhsuldar heç-heçəyə şərh verib:
“Turan Tovuz” həqiqətən də çox yaxşı komandadır. Bu gün öz səviyyəmizdən aşağı çıxış etdik. İlk yarıda daha səbrli və aqressiv oynamalıydıq. Azarkeşlər bu gün yaxşı oyun izlədilər. Hər iki komanda qalib gəlmək istəyirdi. 3 xal qazanmaq istəyirdik. Amma oyundan sonra 1 xala da məmnun olmalıyıq. Buraxdığımız qollara görə təkcə müdafiəçini günahlandıra bilmərik. Bütövlükdə komanda olaraq, yaxşı reaksiya vermədik”.


