Kurban Berdıyev: “Yeni hədəflər heyətimizdən asılı olacaq”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 31-ci turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçulara çətin oyun olacağını demişdim. Onlar məsuliyyəti dərk edirdilər. Şükür Allaha, qələbə qazanaraq tapşırığın öhdəsindən gəldik.

Mən bura gələndə, klub prezidenti qarşımıza xeyli məqsəd qoydu ki, tovuzlu azarkeşlərə sevinc bəxş edək. Klub prezidentinə təşəkkür edirəm ki, bu layihəyə görə öz ürəyini qoydu. Bu müddət ərzində harda oynamağımızdan asılı olmayaraq, bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu uğur karyeramda xüsusi əhəmiyyətə malikdir. Çünki bu 2 il ərzində ən aşağı nöqtələrdən başladıq və gəldiyimiz nöqtə budur, avrokuboklara gedirik. Buna görə də Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur”.

Berdıyev növbəti mövsüm və avrokuboklar üçün heyətin güclənməsinin vacibliyini də vurğulayıb:

“Klub prezidenti tapşırıq verib ki, heyət güclənməlidir. Futbolçular dəvət etmək üçün variantlar axtarırıq. Oyunçuları dəvət edəndə onlar baxırlar ki, klub avrokuboklarda oynayır, ya yox. İndi daha asan olacağını düşünürəm. Növbəti mövsüm üçün Premyer Liqada hədəflərimizin necə olacağına gəlincə, bu barədə indidən danışmaq çətin olar. Bu, nə qədər güclənməyimizdən asılı olacaq. Baxın, “Sabah” güclü heyətə sahib olduğu üçün çempion oldu. Bunu inkar edə bilmərik. Məhz yeni gələnlər “Sabah”ın oyununu canlandırdılar. Həmçinin baş məşqçi amili də özünü doğrultdu”.

Xəbəri sosial şəbəkələrdə paylaş: