Leandro Andrade “Qarabağ”a bu sözlərlə vida etdi

“Qarabağ”dan Ukraynanın “Polesye” klubuna transfer olunmuş kabo-verdeli yarımmüdafiəçi Leandro Andrade Ağdam təmsilçisi ilə vidalaşıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək “Qarabağ”da keçirdiyi illəri unutmayacağını bildirib.

“Qarabağ”la vidalaşmaq vaxtı gəldi. Çətin olsa da, bu 4 il yarımda yaşadıqlarımı sözlə ifadə etməyə çalışacağam. Bunu bir sözlə ifadə edə bilərəm: unudulmaz!” – deyə Andrade yazıb.

O, məşqçilərə, klub əməkdaşlarına, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib:

“İlk gündən özümü evimdəki kimi hiss etməyimə səbəb olan hər kəsə təşəkkür edirəm. Ömürlük dostluqlar qazandım. Azarkeşlərə də xüsusi təşəkkür edirəm. Məni həmişə sizdən biri kimi hiss etdirdiniz”.

Andrade paylaşımını “Təşəkkürlər, Bakı! Təşəkkürlər, “Qarabağ” ailəsi!” sözləri ilə tamamlayıb.

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3 illik (2029-cu ilin iyununa qədər) müqavilə imzalayıb.

2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinən kabo-verdeli futbolçu bu komandanın heyətində 2021/2022, 2022/2023, 2023/2024 və 2024/2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021/2022 və 2023/2024-cü illər mövsümlərində Azərbaycan Kubokunu qazanıb. Komandanın 2023/2024-cü illər mövsümündə Avropa Liqasının 1/8 finalına, 2025/2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022/2023 və 2024/2025-ci illər mövsümlərində Avropa Liqasının əsas, 2021/2022 və 2022/2023-cü illər mövsümlərimdə Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub. Leandro “Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.

Leandro Andrade “Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: