Futbol üzrə Kabo Verde yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade karyerasını Çində davam etdirə bilər.
Arena.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Şanxay Şenxua” 24 yaşlı futbolçunu transfer etməyə çalışır. Hətta Çin təmsilçisinin Kabo Verdedən olan oyunçunun keçidi ilə bağlı danışıqlar apardığı da iddia olunub.
Xatırlladaq ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gələcək. Bu komandalar arasındakı oyunlar fevral ayında baş tutacaq. Bu üzdən Portuqaliya mətbuatı Ağdam klubunu diqqətdə saxlamağa çalışırlar.
Leandro Andrade 2022-ci ilin yanvar ayından “Qarabağ”ın uğurları üçün çalışır. Yarımmüdafiəçi Ağdam təmsilçisində 83 oyun keçirib, 22 qol vurub, 31 məhsuldar ötürmə müəllifi olub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığmasında da 6 oyun keçirib.


