UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Cəbəllüttariq çempionu “Linkoln” Bakıya yola düşüb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın aeroportdan şəklini paylaşan “Linkoln” “Bakıya səfər başlayır” sözlərini qeyd edib.
Qeyd edək ki, “Linkoln” iyulun 19-da “Qarabağ”la cavab matçına çıxacaq. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda keçiriləcək ikinci oyuna saat 20:00-da start veriləcək.
Xatırladaq ki, “Qarabağ” Cəbəllüttariqdə baş tutan ilk oyunda bu rəqibinə 2:1 hesabıyla qalib gəlib. Cütün qalibi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda da Polşa çempionu 1:0 hesablı qələbəyə sevinib.


