“Linkoln” “Qarabağ”la matçdan öncə ispan futbolçu transfer etdi

UEFA Çempionlar Liqasının 1-ci raundunda “Qarabağ”ın rəqibi olan Cəbəllütarriq çempionu “Linkoln” heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, sözügedən klub İspaniyadan olan dayaq yarımmüdafiəçisi Mandi Sosanı transfer edib.

Bu barədə Cəbəllüttariq klubunun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçinin sonuncu iş yeri İspaniyanın “Unionistas de Salamanka” klubu olub. O, bu klubdan 2022-ci ilin yayında azad agent kimi ayrıldığı üçün bir il idi futbol oynamırdı. Cəbəllüttariq çempionuna azad agent kimi qoşulan təcrübəli oyunçunun hazırlıq səviyyəsi maraq doğurur. Onun “Qarabağ”la oyunlar üçün sifariş olunub-olunmayacağı da dəqiq bilinmir.

Xatırladaq ki, “Qarabağ”ın rəqibi bir neçə gün öncə daha bir dayaq yarımmüdafiəçisi – Samson Bolaji Ajayini də heyətinə qatmışdı.

“Qarabağ”ın rəqibi öz futbolçusu Freddi Dreyperi də icarəyə verib. 18 yaşlı hücumçu 2023/2024 mövsümünü icarə əsasında İngiltərə “Uolsoll”unda keçirəcək. Dreyper ötən mövsümün ilk yarısını icarə əsasında “Qainsboro”da, ikinci yarısında isə “Droqheda Yunayted”də keçirib.

“Linkoln”un daha bir futbolçusu Julion Valarino isə əməliyyat olunub. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Cəbəllütariq millisinin düşərgəsində zədələnən 23 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib. Valarino “Qarabağ”a qarşı matçları buraxacaq.

Xatırladaq ki, “Qarabağ”la “Linkoln” arasında UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu iyulun 11-də Cəbəllüttariqdə baş tutacaq. Cavab görüşü isə bu ayın 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: