“Qarabağ”ın qapıçısı Andrey Lunyov və yarımmüdafiəçisi Marko Yankoviç ölkələrinin milli komandalarına dəvət alıblar.
Arena.az xəbər verir ki, Rusiya yığmasının baş məşqçi Valeri Karpin Kuba millisi ilə yoxlama görüşü üçün ilkin heyəti açıqlayıb.
O, 29 nəfərlik heyətdə “Qarabağ”ın qapıçısı Lunyova da şans verib. 32 yaşlı qolkiperin yekun heyətdə qalıb-qalmayacağı təlim-məşq toplanışından sonra bəlli olacaq.
Qeyd edək ki, Rusiya ilə Kuba arasındakı yoxlama oyunu noyabrın 20-də Volqoqradda baş tutacaq.
“Qarabağ”ın digər legioneri Marko Yankoviç isə Monteneqro millisinə dəvət alıb. Baş məşqçi Miodraq Raduloviç 30 nəfərlik heyətə 28 yaşlı futbolçunun da adını daxil edib. İlkin heyətdə yer alan yığma üzvləri arasında seçim aparılacaq. Yankoviçdən fərqli olaraq, “Qarabağ”ın digər monteneqrolu futbolçusu, zədədən yeni dönən müdafiəçi Marko Veşoviç bu dəfə yığmaya çağırılmayıb.
Monteneqro millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində 16 noyabrda Litva, 19 noyabrda isə Macarıstanla qarşılaşacaq.
Andrey Lunyov bu ilin avqust ayından “Qarabağ”ın uğurları üçün çalışır. O, Ağdam klubunun heyətində 8 oyuna çıxıb, 9 qol buraxıb, 4 “quru” matç keçirib. Rusiyalı qolkiper ölkəsinin milli komandasında cəmi 7 matça çıxıb, 14 qol buraxıb.
Marko Yankoviç isə 2022-ci ilin iyul ayından “Qarabağ”da çıxış edir. 28 yaşlı yarımmüdafiəçi Ağdam klubunda 60 matç keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. O, ölkəsinin milli komandasında 43 oyuna çıxıb və 1 qola imza atıb.


