Azərbaycan millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti bəyanat yayıb.
Mütəxəssisin ailə vəziyyətini əsas gətirərək istefa verdiyi və gələn həftənin əvvəlindən məşqçi seçimlərinə başlanacağı bildirilib.
Xatırladaq ki, Məhəmməd Adiyev 2022-ci ilin aprel ayından Qazaxıstan millisinə rəhbərlik edirdi. Rusiyadan olan 42 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 21 oyuna çıxarıb. Qazaxlar bu görüşlərdə 11 qələbə qazanıb, 1 heç-heçə edib və 9 məğlubiyyətə üzülüblər.
Adiyev 2022-ci ilin aprelindən həm də Rusiyanın “Axmat” (Qroznı) komandasına rəhbərlik edirdi. Onun məhz Çeçenistan təmsilçisindəki işinə görə Qazaxıstan yığmasından ayrıldığı iddia olunur. Məşqçinin bu klubla müqaviləsi də cari mövsümün sonuna kimidir. Amma tərəflərin yeni sözləşmə imzalaması gözlənilir.
Sonda onu da qeyd edək ki, Azərbaycan yığması iyunun 11-də Macarıstanda Qazaxıstanla beynəlxalq yoldaşlıq görüşü keçirəcək.


