Məhəmməd Salah İngiltərədə yeni rekordçuya çevrildi

Avropa Liqasının qrup mərhələsinin Fransa “Tuluza”sı ilə ev oyunu “Liverpul”un misirli ulduzu Məhəmməd Salah üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, İngiltərə nəhəngi ötən gecə baş tutan bu oyunda 5:1 hesablı darmadağına imza atıb.

Komandasının sonuncu qolunu da Salah vurub. 70-ci dəqiqədə meydana buraxılan misirli futbolçu 90+3-cü dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib. Salahın “Tuluza”ya vurduğu qol hücumçunun avrokuboklarda 43-cü qolu olub. Salaha qədər heç bir futbolçu İngiltərə təmsilçisinin heyətində daha çox qol vurmayıb.

Avrokuboklarda bir ingilis komandasının heyətində vurduğu qolların sayına görə əvvəlki rekord sahibi “Arsenal”ın fransalı hücumçusu Tyerri Anri olub ki, onun hesabında 42 qol var. “Mançester Siti”nin argentinalı sabiq hücumçusu Serxio Aquero isə 40 qol vurub.

Xatırladaq ki, Salah Anrinin rekordunu sentyabrda “Yunion Sent-Jilluaz”la oyunda təkrarlamışdı.

3 turdan sonra 9 xal toplamış “qırmızılar” “E” qrupuna başçılıq edirlər. “Yunion Sent-Jilluaz” və “Tuluza” 4 xalla müvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşıblar. Xalsız LASK isə qrupun autsayderidir.

Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi Salahın “Roma”dan transferi üçün 42 milyon avro xərc çəkib. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Salah “Liverpul”un heyətində 12 oyuna çıxıb, 9 qol vurub, 4 məhsuldar ötürmə verib. Misirli hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub.
Salah 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 91 oyun keçirib, 51 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı Məhəmməd Salahı 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: