Maksim Medvedev karyerasını başa vurdu

Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü, “Qarabağ”ın kapitanı Maksim Medvedev karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu gün baş tutan Azərbaycan kubokunun final oyunu ilə yekun vurulmuş 2023/2024 mövsümü 35 yaşlı müdafiəçi üçün sonuncu olub.

Maksim yetirməsi olduğu Ağdam klubunun əsas komandasında 2006/2007 mövsümündə debüt edib. Müdafiəçi bunadək uzun illər “Qarabağ”ın aşağı yaş komandaları və əvəzedici heyətində çıxış edib.

18 il əsas komandanın formasını daşıyan Medvedev bu müddətdə 552 oyun keçirib. O, təkcə “Qarabağ”da deyil, Azərbaycan futbol tarixində eyni klubda ən çox matça çıxan oyunçudur. Müdafiəçi bu müddətdə 17 qola imza atıb.

Maksim Premyer Liqada 376 görüşdə 12 qola sevinib. O, çempionatda eyni komandada ən çox oyun keçirən futbolçu kimi rekordçudur. Medvedev ölkə kubokunun 50 matçında 2 dəfə fərqlənib.

Müdafiəçi avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusudur. O, 126 qarşılaşmada 3 qol vurub.

Maksim Medvedev eyni klubla 10 dəfə Azərbaycan çempionu olan üç futbolçudan biridir. Müdafiəçi eyni klubda hamıdan çox – 14 mükafat qazanan futbolçudur. Onun hesabında Premyer Liqanın 10 qızıl, 2 gümüş və 2 bürünc medalı var.

Azərbaycan kubokunun bu gün “Zirə”yə qarşı keçirilən həlledici matçı Maksimin 6-cı finalıdır. O, kubokun 6 qat qalibi olmaqla bu göstəricidə yeni rekordun müəllifi kimi tarixə düşüb.

Karyerası ərzində yalnız bir klubda çıxış edən müdafiəçi Azərbaycan millisinin də şərəfini qoruyub. O, əsas yığmada 81 dəfə şans qazanıb. Bu göstəricidə yalnız sabiq kapitan Rəşad Sadıqovdan geri qalan Maksim millidə ikinci nəticəyə malikdir. O, yığmada 4 qola sevinib. Medvedev əsas yığmaya qədər aşağı yaş qrupları üzrə milli komandaların formasını da geyinib.