Maksim Medvedev “Qarabağ”la yeni müqavilə bağladı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” müdafiəçisi və kapitanı Maksim Medvedev ilə müqaviləni yeniləyib.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, 33 yaşlı universal müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb. Sağ cinah müdafiəçisi olsa da, mərkəzdə də oynamağı bacaran təcrübəli oyunçunun əvvəlki müqaviləsinin müddəti bu ayın sonunda bitirdi.

Xatırladaq ki, Maksim Medvedev “Qarabağ”ın öz yetirməsidir və bütün karyerası yalnız Ağdam klubuna aiddir. O, bu klubun əsas komandasında bu günə kimi 419 matça çıxıb. Müdafiəçi bu görüşlərdə 16 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub.

Maksim həm də Azərbaycan yığmasının üzvüdür. O, milli komandamızda da 81 oyun keçirib, 4 qola imza atıb.

“Qarabağ” bu yay Ramil Şeydayev və Filip Ozobiçlə yollarını ayırıb. Ağdam klubu gedənlərin əvəzində hələlik yalnız “Zirə”dən Hamidu Keytanı transfer edib. Qurban Qurbanovun çalışdırdığı komandanı qarşıda UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin oyunları gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaş: