ABŞ millisinin və PSV-nin hücumameyilli yarımmüdafiəçisi Malik Tillman bundan sonra “Bayer”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlimat yayıb.
23 yaşlı futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Bayer” bu transfer üçün PSV-yə 35 milyon avro ödəyib.
Malik Tillman Almaniyada dünyaya göz açıb və bu ölkənin “Qroyter Fürt” klubunun yetirməsidir. O, vaxtilə “Bayern” və “Reyncers” kimi klubların da şərəfini qoruyub. PSV Tillmanı 2023-cü ildə “Bayern”dən transfer edib. 23 yaşlı futbolçu Eyndhoven klubunun əsas komandasında 73 oyuna çıxıb, 25 qol və 19 məhsuldar ötürmə müəllifi olub.
Tillman 2016-cı ildə Amerika Birləşmiş Ştatlarının U-15 yığmasında oynasa da, sonradan Almaniyanın U-15, U-16, U-17, U-20 və U-21 yığmalarında forma geyinib. 2022-ci ildən etibarən isə yarımmüdafiəçi ABŞ millisində oynamağa başlayıb. ABŞ yığmasında 25 oyun keçirmiş futbolçu 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.


