“Mançester Yunayted” Konfrans Liqasına düşə bilər – Səbəb

UEFA-nın klublara sahiblik qaydaları ilə bağlı məsələ həll edilməzsə, “Mançester Yunayted” növbəti mövsüm Avropa Liqasında yarışmaya bilər.

Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Ser Cim Retkliff və onun şirkəti INEOS iyunun 3-dək UEFA-nı “Mançester Yunayted” və “Nitsa”nın gələn mövsüm Avropa Liqasında mübarizə aparmasına icazə verilməli olduğuna inandırmalıdırlar. Retkliff, futbol əməliyyatlarına tam nəzarət etdiyi İngiltərə klubunda 27,7% paya sahibdir. O, eyni zamanda 2019-cu ildə Fransa təmsilçisini ələ keçirdikdən sonra “Nitsa”nın böyük səhmdarıdır.

UEFA-nın çoxsaylı klub sahibliyi ilə bağlı qaydaları hər hansı təşkilatın və ya şəxsin eyni yarışda birdən çox klubun idarəçiliyinə “həlledici təsir” göstərməsini qadağan edir. Əgər həll tapılmasa, “Mançester Yunayted” Avropa Liqasını tərk etmək məcburiyyətində qalacaq. Məsələ burasındadır ki, “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasını “Nitsa”nın Fransa Liqa 1-də tutduğu yerdən (5-ci) aşağıda (8-ci) başa vurublar. UEFA-nın nizamnaməsi bu halda öz milli birinciliyində daha yüksək yeri tutmuş komandanın avrokuboklarda iştirakına icazə verir.

Xəbəri sosial şəbəkələrdə paylaş: