UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda Norveçin “Bodo Qlimt” komandası ilə oyun Manuel Noyer üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Almaniya nəhəngi “Bayern”in qapıçısı bu rəqiblə oyunda meydana çıxmaqla UEFA Çempionlar Liqası tarixinin ən yaşlı almaniyalı futbolçusu olub.
Təcrübəli qapıçı turnirin əsas mərhələsində “Bodo Qlimt”ə 5:0 hesabı ilə qalib gəldikləri ev matçında 90 dəqiqə meydanda olub. Qarşılaşma zamanı 40 yaş 167 günlüyündə olan Manuel Noyer həmyerlisi Yens Lemannın göstəricisini geridə qoyub.
Xatırladaq ki, Yens Lemann bu turnirdə 40 yaş 127 günlüyündə forma geyinib.
Yeri gəlmişkən, “Bayern” də UEFA Çempionlar Liqasında uğurlu seriyasını davam etdirir. Münhen təmsilçisi turnirin əsas (qrup) mərhələsində keçirdiyi son 39 ev oyununda məğlub olmayıb.
Komanda bu qarşılaşmaların 37-də qələbə qazanıb, 2 matçda isə heç-heçə edib. “Bayern” 13 ildir davam edən seriyasını qoruyur.


