Almaniya yığmasının qapıçısı Mark-Andre ter Ştegen İspaniya çempionu “Barselona” ilə müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə Kataloniya klubunun rəsmi sayrtına istinadən məlumat verir.
Ter Ştegenin “Barselona” ilə yeni müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman qapıçının sərbəstqalma məbləği isə 500 milyon avrodur.
Ter Ştegen Mönhenqladbah “Borussiya”sının yetirməsidir. Alman qapıçı 2014-cü ilin iyulunda 12 milyon avro müqabilində “Barselona”ya keçib.
Ter Ştegen “Barselona” ilə 16 kubok qazanıb, 5 dəfə İspaniya çempionluğuna və 1 dəfə UEFA Çempionlar Liqasına sahib olub.
Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 379 oyun keçirib, 368 qol “yeyib” və 159 oyundan “quru” qurtulub.
“Transfermarkt” internet-portalı 31 yaşlı Mark-Andre ter Ştegeni 35 milyon avro məbləğində qiymətləndirir.
“Barselona” sol cinah müdafiəçisi Aleks Valle ilə sağ cinah müdafiəçisi Serjinyo Desti də icarəyə göndərilib. Onlar müvafiq olaraq “Levante” və PSV-yə keçiblər. Hər iki futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.
Aleks Valle “Barselona”nın öz yetirməsidir. 19 yaşlı ispan daha öncə “Andorra”da da icarədə olub. O, Kataloniya təmsilçisinin əsas komandasında hələ debüt şansı qazanmayıb.
Serjinyo Dest isə “Barselona”ya 2020-ci ildə 21 milyon avro qarşılığında keçib. ABŞ millisinin də üzvü olan 22 yaşlı futbolçu Kataloniya təmsilçisində 72 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Barselona” Desti ötən mövsüm “Milan”a da icarəyə vermişdi. Gənc futbolçu ABŞ yığmasında 26 oyuna çıxıb, 2 qola imza atıb.


