“Linkoln”un yarımmüdafiəçisi Marko Rosa UEFA Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Cəbəllüttariq çempionunun İspaniyadan olan 27 yaşlı futbolçusu ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq oyunlarda Ağdam klubunun favorit olduğunu etiraf edib:
“Bizi kifayət qədər çətin oyunlar gözləyir. Çünki rəqib açıq-aşkar favoritdir. Amma futbolun gözəlliyi də bundadır ki, mümkünsüz görünən nəyisə mümkünə çevirirsən. Uduzmamağa və onları təəccübləndirməyə çalışacağıq. Hər zaman öz şanslarımıza inanırıq”.
Marko Rosa komandasının yeni transferlərindən və hədəflərindən də söz açıb: “Fikrimcə, hazırda çox yaxşı kollektivimiz var. Bu da yeni gələnlərə daha tez uyğunlaşmağa imkan yaradır. “Linkoln”da üçüncü mövsümümü keçirəcəyəm. Burada ilk gündən sevildiyimi hiss edirəm. Buna görə kluba minnətdaram. Yeni mövsümə hazırlıq uzun və çətin keçdi. Amma bu, qarşıdakı oyunlara daha yaxşı hazır olmağımız üçün vacib idi. Hədəflərimizə çatmaq üçün bu, çox önəmlidir”.
Xatırladaq ki, “Qarabağ”la “Linkoln” arasındakı ilk oyun iyulun 11-də Cəbəllüttariqdə baş tutacaq. Bu komandaların cavab görüşü isə iyulun 19-da Bakıda keçiriləcək.


