Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Almaniya millisi ilə AÇ-2024-ün qrup mərhələsinin qarşıdakı 2-ci tur oyunundan danışıb.
Arena.az italyan mütəxəssisin oyunöncəsi mətbuat konfransında bu barədə səsləndirdiyi fikirlərini təqdim edir:
“Biz bilirik ki, futbolda keçmişin o qədər də əhəmiyyəti yoxdur. Bunu qeyd etmək olar, amma əhəmiyyəti yoxdur. İlk oyunda məğlub olduqdan sonra hamımız çox məyus olduq. Buraxdığımız üç qoldan ikisi öz səhvlərimizdən qaynaqlanır. Avropa çempionatında belə oynasanız, səhvlərinizin əvəzini çox ağır ödəyəcəksiniz.
Kağız üzərində və təkcə kağız üzərində deyil, biz Almaniya komandasının bizdən daha yaxşı olduğunu bilirik ki, bu da bizi əlimizdən gələni etməyə ilhamlandırmalıdır. Ümidvaram ki, xallar götürə biləcəyik, amma bu, bizdən mükəmməl oyun tələb edir. Hər kəs yüz faiz verməlidir, yüz on – bu, mümkün deyil, odur ki, yüz faiz.
Biz ilk oyunda Almaniya yığmasının nəyə qadir olduğunu gördük – bu, indiyə qədər heç şübhəsiz, bütün oyunda ağalıq edib üstün olan yeganə komandadır”, deyə Marko Rossi vurğulayıb.
Xatırladaq ki, Almaniya – Macarıstan oyunu bu gün, iyunun 19-da Ştutqartın “Mersedes-Bents Arena”sında keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.
2-ci tur ərəfəsində komandalar “A” qrupunda belə sıralanıblar:
- Almaniya – 3 xal
- İsveçrə – 3
- Macarıstan – 0
- Şotlandiya – 0


