Marko Rossi: “Bakıda oynamaq bizim üçün asan olmayacaq”

Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama oyunundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Macarıstan milli komandaları sabah Mərdəkandakı “Dalğa Arena”da yoxlama oyununda üz-üzə gələcəklər.

Bu gün Macarıstan yığmasının baş məşqçisi Marko Rossi oyundan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“İsveç millisi ilə matçdan fərqli oyun gözləyirik. Rəqib komanda qələbə qazanmaq istəyir. Son 5 oyunda onların 2 heç-heçəsi var. Rəqib öz üzərinə düşəni etməyə çalışacaq. Yoxlama oyunlarında bütün qapıçılara şans veririk. Denes Dibuş səhv etdiyi üçün kənarda qalmayacaq. Sadəcə, sabah start heyətində Balaş Tot olacaq. Çünki onu da iş başında görmək istəyirik.

6 il öncə də Azərbaycan millisi ilə qarşılaşmışdıq. Amma həmin vaxtla müqayisədə çox şey dəyisib. Komandamız yenidir. Buradakı oyun çətin olmamışdı. 2:0 hesablı qələbə qazanmışdıq. Amma Macarıstandakı matç daha çətin keçmişdi. Biz TOP komanda deyilik. Elə vəziyyətdə deyilik ki, digər rəqiblərə yuxarıdan aşağı baxaq. Azərbaycana qarşı oynamaq bizim üçün asan olmayacaq. Milli komanda səviyyəsində asan oyun yoxdur. Sabah topa daha çox nəzarət etməliyik”, deyə Marko Rossi vurğulayıb.

Mətbuat konfransına qatılmış Macarıstaan millisinin futbolçusu Loik Neqo da düşüncələrini bölüşüb. 34 yaşlı sağ cinah müdafiəçisinin fikirlərini təqdim edirik:

“Bizim üçün vacib oyundur. Yoxlama oyunu deyilən bir anlayış yoxdur. Bura öz işimizi görməyə gəlmişik. Bizim üçün nəticə önəmlidir. Hər zaman qələbə qazanmaq istəyirik. Qalib gəlmək üçün meydanda düzgün işlər görmək lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: