Marko Veşoviç: “Qurban Qurbanov Avropada artıq böyük addır”

“Qarabağ”ın monteneqrolu sağ cinah müdafiəçisi Marko Veşoviç komandasının bu mövsüm Avropa Liqasındakı çıxışına qiymət verib.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu “vijesti.me” nəşrinə açıqlamasında Avroliqanın 1/8 final mərhələsində iki oyunun nəticəsinə əsasən (2:2, 2:3) Almaniyanın “Bayer” komandasına uduzmaları barədə danışıb:

“Kriteriyalarımız bərabər olsaydı, daha da irəli gedərdik. Keyfiyyət baxımından Avropanın zirvəsinə aid olduğumuzu göstərdik. Demək olar ki, Azərbaycan çempionluğunu təmin etmişik. Ümidvaram ki, növbəti mövsümdə avrokubokdakı nəticəni təkrarlayacağıq. Hətta daha böyük işlər görəcəyik. Avropa reytinqində Azərbaycanın əmsalı aşağıdır. Çünki yalnız “Qarabağ” nəticə verir. Ona görə UEFA Çempionlar Liqasına təsnifat mərhələsindən etibarən mübarizəyə başlayacağıq”.

Veşoviç Azərbaycandakı həyatı və ölkəmiz haqqında da danışıb: “Burada hər şey əladır. Temperaturu bəyənirəm. Çünki əvvəllər “Legiya”da mənim üçün əla idi, amma -10 dərəcədə oynamağı heç sevmirdim. Bundan əlavə, rus dilində daha çox danışılır. Azərbaycan dili isə hədsiz dərəcədə çətindir. Bəzən məşqdə ingilis dilindən istifadə edirik. Atmosfer əladır, heç bir anlaşılmazlıq yoxdur. Çünki Qurban Qurbanov Avropada artıq böyük addır. Biz ənənəvi Monteneqro ailəsi kimiyik, burada fikirlər eşidilir, amma heç kim məşqçinin son sözünü inkar etmir”. (gülür)

Monteneqrolu müdafiəçi komanda yoldaşı Olavio Juninyoya çoxlu təkliflər gəldiyini söyləyib:

“Obyektiv olaraq Juninyo komandanın ən yaxşı oyunçusudur. Düzdür, heç kim “Qarabağ”dan ayrılmaq istəmir. Amma onu saxlamaqda çətinlik çəkəcəyik”.

Xatırladaq ki, Marko Veşoviç 2021-ci ilin iyulundan “Qarabağ”da forma geyinir. Müdafiəçi Azərbaycan təmsilçisində 99 oyun keçirib, 5 qol və 11 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu 2013-cü ilin oktyabr ayında debüt etdiyi Monteneqro yığmasında 52 oyun keçirib, 2 qol və 2 assistlə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: