“Qarabağ”ın legionerləri Marko Veşoviç və Marko Yankoviç futbol üzrə Monteneqro milli komandasından yeni dəvət alıblar. Arena.az xəbər verir ki, baş məşqçi Miodraq Raduloviç AÇ-2024-ün seçmə mərhələsinin ilk iki oyunu üçün heyəti açıqlayıb.
Monteneqro Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi yeni seçmə mərhələnin ilk iki oyunu üçün 27 futbolçuya dəvət göndərib. Siyahıda “Qarabağ”ın iki monteneqrolu futbolçusu da var. Veşoviçin yığmaya dəvət almasında təəccüblü heç nə olmasa da, yarımmüdafiəçi Yankoviçlə bağlı eyni sözləri demək olmaz. Məsələ burasındadır ki, o, zədə səbəbindən Ağdam təmsilçisinin son dörd oyununu buraxıb. Buna baxmayaraq, o, milliyə dəvət olunub. Güman ki, yığmanın düşərgəsində onun son durumuna təkrar baxılacaq.
Qeyd edək ki, seçmə mərhələnin G qrupunda yer alan Monteneqro millisi martın 24-də səfərdə Bolqarıstan, üç gün sonra isə evdə Serbiya yığması ilə üz-üzə gələcək.
Marko Veşoviç 2013-cü ildən dəvət aldığı Monteneqro yığmasında 44 oyun keçirib. 31 yaşlı sağ cinah müdafiəçisi bu oyunlarda 2 qola da imza atıb.
Marko Yankoviç isə 2016-cı ildən ölkəsinin əsas yığmasında forma geyinir. 27 yaşlı mərkəz yarımmüdafiəçisi Monteneqro millisində 37 oyun keçirib və 1 qol vurub.



