“Qarabağ”ın monteneqrolu futbolçusu, mərkəz yarımmüdafiəçisi olan Marko Yankoviç şəxsi “İnstagram” hesabında paylaşım edib.
Arena.az xəbər verir ki, o, şərəfini qoruduğu Monteneqro millisinin heyətində yubiley – 50-ci matçına çıxmasına münasibət bildirib:
“Monteneqro millisi ilə 50 oyuna çıxmaq mənim üçün statistikadan daha çox məna kəsb edir. Bu, 25 illik məşq, fədakarlıq, özümlə mübarizə və davamlı olaraq inkişaf etmək arzusudur. Bilirəm ki, məndən daha yaxşı oyunçular bu komandada az çıxış ediblər. Ona görə bu rəqəmi daha böyük qürur və minnətdarlıqla daşıyıram. Ailəmə, dostlarıma, məşqçilərimə, komanda yoldaşlarıma və azarkeşlərə çətin anlarda dəstək olduqları üçün təşəkkür edirəm”.
2022-ci ilin yayından Ağdam klubunun formasını geyinən 29 yaşlı Marko Yankoviçin “Qarabağ”dakı debütü 2022-ci il iyulun 5-də gerçəkləşib. O, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Lex”lə səfər matçında meydana çıxıb.
Yarımmüdafiəçi Ağdam klubunun heyətində indiyə kimi 118 oyuna çıxıb. O, bu oyunlarda 8 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.
Marko Yankoviç “Qarabağ”dan öncə “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Beoqrad”, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” və “Olimpiakos” kimi klublarda da forma geyinib.
Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 54 oyun keçirib, 1 qola imza atıb, 7 assistlə yadda qalıb.


