Futbol üzrə Monteneqro yığmasının və “Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Marko Yankoviç Ağdam klubu ilə müqaviləni yeniləyib.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klubla 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb. Bir sözlə, monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, 2022-ci ilin yayından bu komandada çıxış edən Marko Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Onun Ağdam klubu ilə əvvəlki müqaviəsinin müddəti 2025-ci ilin yayında bitəcəkdi.
Yankoviç karyerası ərzində “Partizan” (Belqrad), “Teleoptik” (Zemun), “Beytar” (Yerusəlim), “OFK Beoqrad”, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klubların da formasını geyinib. Təcrübəli yarımmüdafiəçi Monteneqro yığmasında da 42 matç keçirib, 1 qol vurub.


