Marko Yankoviç: “Kuboku da qazanmağa çalışacağıq”

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi 6:1 hesabı ilə qələbə qazandıqları və çempionluğu təmin etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Bu çempionluq üçün mövsüm boyu çalışırıq. Milli komandaların oyunlarına görə yaranmış fasilədən sonra çox gözəl matç keçirdik. Oyunçularda yorğunluq var. Çünki çoxlu oyunlar keçiririk. Amma biz böyükhesablı qələbə qazanaraq gözəl çıxış etdik. Qol vuran və qol ötürməsi edən hər kəsə görə şadam. Biz çempionluğu yaxşı şəkildə qazandıq. Bu isə vacibdir. İndi “Neftçi” ilə oyuna və kuboka fokuslanacağıq. Çalışacağıq ki, ikinci titulu da qazanaq”.

Yankoviç “milli komandaların oyunlarından sonra yorğunluğu necə aradan qaldırırsınız” sualına belə cavab verib: “Biz peşəkarıq. Ondan da əlavə məşqçilər və klub işçiləri bizim qayğımıza qalırlar. Onlar belə vəziyyətlərdə az oynayanlara daha çox şans verirlər. Millidə çox oyun keçirən futbolçuları digərləri ilə əvəzləyirlər. Bu yaxşı haldır”.

Marko böyükhesablı qələbələrin komandaya müsbət təsir etdiyini qeyd edib: “Çox qol vurmaq həmişə yaxşıdır. Əsasən də hücumçularımıza bu cür oyunlar daha çox inam verir. Bu gözəl məqamdır. Əsasən də oyunun çempionluq uğrunda olduğuna görə. Hamımız xoşbəxtik”.

28 yaşlı futbolçu “Qarabağın növbəti oyunlara motivasiyanı necə tapacağına dair sualı da cavablandırıb:

“Dediyim kimi, biz peşəkarıq. Həmişə yaxşı səviyyədə oynamalıyıq, çünki “Qarabağ”ı təmsil edirik. Düşünə bilmərik ki, artıq çempion olduqsa, uduzmalıyıq. Belə hallar ola bilər, amma məğlub olsaq da, yaxşı oyun göstərməliyik”.

“Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışından sonra çoxlu transfer iddiaları yaranıb. Bu iddialara Marko Yankoviç də münasibət bildirib. O, bunun yaxşı hal olduğunu qeyd edib:

“Bu haqda heç nə deyə bilmərəm. Hazırda “Qarabağ”ın oyunçusuyam. İnsanlar bu cür deyirlərsə, yaxşıdır. Bu, o deməkdir ki, özünü yaxşı tərəfdən göstərə bilmisən. Amma indi mən “Qarabağ”ın oyunçusuyam və gələcəkdə nə olacağını görəcəyik”.

Nahid Ustaclı