“Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç növbəti dəfə Avropa Liqasının rəmzi yığmasında yer alıb.
Arena.az məlumat verir ki, müvafiq rəmzi yığma “Sofascore”un seçiminə görə tərtib edilib.
Rəmzi komanda yarışın pley-off mərhələsinin cavab oyunlarında futbolçuların nümayiş etdirdiyi səmərə əsasında tərtib edilib.
Xatırladaq ki, “Qarabağ” səfərdə 4:2 hesabı ilə qalib gəldiyi Portuqaliya təmsilçisi “Braqa”ya evdə 2:3 hesabıyla məğlub olub. Amma ümumi hesab (6:5) Azərbaycan çempionunun xeyrinə olub və təmsilçimiz 1/8 finala yüksəlib.
Mərkəz yarımmüdafiəçisi olan Marko Yankoviç siyahıya 8,1 reytinq balı ilə düşə bilib. O, “Braqa”ya qarşı cavab matçında 120 dəqiqə meydanda qalıb, 42 dəqiq ötürmə verib. Monteneqrolu oyunçunun ümumi ötürmələrinin 87 faizi dəqiq olub.
Yankoviç bir həftə öncə “Braqa”ya qarşı səfərdə göstərdiyi oyuna görə də müvafiq rəmzi komandada yer ala bilmişdi. Həmin vaxt Ağdam klubunun qapıçısı Andrey Lunyov və sol cinah vingeri Abdullah Zubir də rəmzi heyətə düşmüşdü.
Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. Yarımmüdafiəçi Ağdam klubunun heyətində 75 oyuna çıxıb. O, bu oyunlarda 5 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, “Braqa”nı mübarizədən kənarlaşdıran “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Avropa Liqasının 1/8 mərhələsinin oyunları martın 7-də və 14-də keçiriləcək. Bu mərhələnin püşkü isə bu gün – fevralın 23-də atılacaq. Püşkatma mərasiminə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.


