Futbol üzrə Monteneqro milli komandasının mərkəz yarımmüdafiəçisi Marko Yankoviç “Qarabağ”dakı gələcəyi barədə danışıb.
Arena.az xəbər verir ki, Monteneqro mətbuatına danışan futbolçu bunu deyib:
“Klubdakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib. Müqaviləmin bitməsinə bir il qalıb. Hazırda “Qarabağ”dayam. Transfer bazarında nəsə baş verə bilər, amma bu, məni narahat etmir. Slovakiya ilə qarşıdakı yoxlama oyununda yaxşı oynamağa diqqət yetirirəm. Sonra yaxşı istirahət edəcəyəm və bundan sonra necə olacağını görəcəyik”.
Xatırladaq ki, Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. Təcrübəli futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.
30 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 171 oyun keçirib, 13 qol və 19 məhsuldar ötürmə müəllifi olub.
Yankoviç karyerası ərzində “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Olimpiakos”, OFK, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klublarda da çıxış edib.
Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 60 oyuna çıxıb, 1 qol və 8 məhsuldar ötürmə müəllifi olub.


