Marko Yankoviç və Marko Veşoviç oynadılar, Andrey Lunyov isə…

“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro milli komandasında növbəti oyuna çıxıblar.

Arena.az xəbər verir ki, hər iki futbolçu Belarusa qarşı keçirilən yoldaşlıq matçında start heyətində yer alıb.

Marko Veşoviç sona qədər oynayıb. Marko Yankoviç isə 66-cı dəqiqədə əvəzlənib. Görüş Monteneqronun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Monteneqro millisini hazırda Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır. Belarusla qarşılaşma onun üçün Monteneqro millisində debüt oyunu olub.

Monteneqro millisi martın 25-də Şimali Makedoniya ilə də yoldaşlıq görüşündə üz-üzə gələcək.

“Qarabağ”ın digər legioneri – rusiyalı qapıçı Andrey Lunyov isə Serbiya üzərində qələbəyə sevinib. Belə ki, Rusiya milli komandası da yoxlama oyunu keçirib. Qonşu ölkə yığması Moskvada Serbiya millisi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Mirançuk (22, 55) Osipenko (32) və Sergeyev (90+1) vurublar. Andrey Lunyov bu görüşdə sonadək ehtiyatda qalıb.

Rusiya yığması martın Moskvada 25-də Paraqvayla da yoxlama oyunu keçirəcək.

Ötən gecə dünyanın yaşıl meydanlarında daha bir neçə ölkənin yığma komandası yoxlama görüşündə qüvvəsini sınayıb.

Qeydə alınmış nəticələri təqdim edirik:

Yoxlama oyunu
21 mart

Solomon adaları – Fici 0:2
Efiopiya – Lesoto 1:2
Kipr – Latviya 1:1
Monteneqro – Belarus
Rusiya – Serbiya
Malta – Sloveniya 2:2
Kabo Verde – Quyana 1:0
Qvineya – Vanuatu 6:0
Portuqaliya – İsveç 5:2
İtaliya – Venesuela 2:1
Cənubi Afrika – Andorra 1:1
Qvetamala – Ekvador 0:2
Beliz – Puerto Riko 1:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: