Matiya Şarkiç 26 yaşında vəfat etdi

Monteneqro yığmasının və İngiltərə Çempionşipinin təmsilçisi “Milluoll”un qapıçısı Matiya Şarkiç 26 yaşında dünyasını dəyişib.

Arena.az bu barədə Monteneqro Futbol İttifaqının (FSCG) rəsmi saytına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hadisə bu gün, iyunun 15-də səhər tezdən baş verib. Şarkiç mənzildə yıxılıb, dostları dərhal təcili yardım, ardınca isə polis çağırıblar. Yerli vaxtla səhər saat 6:30-da isə Matiyanın ölümü qeydə alınıb.

“Milluoll” Futbol Klubu Matiya Şarkiçin 26 yaşında vəfat etdiyini elan etməklə tamamilə məyusdur”, – İngiltərə klubunun bəyanatında deyilir.

Matiya Şarkiç “Anderlext” futbol akademiyasının yetirməsidir. Qapıçı, karyerası ərzində “Aston Villa”, “Uiqan”, “Stratford Taun”, “Havant ənd Uoterluvill”, “Livinqston”, “Vulverhempton”, “Şrusberi”, “Birmingem” və “Stok Siti”nin qapılarını qoruyub.

“Milluoll” Şarkiçi 2023-cü ilin avqustunda 1,4 milyon avro məbləğ müqabilində “Vulverhempton”dan tamhüquqlu əsasda heyətinə qatmışdı.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Şarkiç “Milluoll”un heəytində 33 oyuna çıxıb, 37 qol buraxıb, 12 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Matiya Şarkiç 2019-cu ilin noyabrında debüt etdiyi Monteneqro yığmasının heyətində 9 oyun keçirib, 17 qol buraxıb, 2 təmiz oyuna nail olub.

Sarkiç ötən həftə Belçika millisi ilə yoldaşlıq oyununda Monteneqro yığmasının əsas qapıçısı olub. O, bu görüşdə 8 seyv etmiş və matçın ən yaxşı oyunçusu seçilmişdi.

Matiya Şarkiç böyük futbolda yeganə qənimətini 2017/2018-ci illər mövsümündə İngiltərə 3-cü divizionunda “Uiqan”la çempion olaraq qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: