“Mançester Yunayted”in məşqçisi, ingilis futbol mütəxəssisi Maykl Karrik Premyer Liqa təmsilçisinin baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
44 yaşlı mütəxəssisin komandanı yeni mövsümə hazırlayacağı diqqətə çatdırılıb. İngilis məşqçinin yeni müqaviləsi 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
Xatırladaq ki, Karrik bu ilin yanvar ayında Ruben Amorimin istefasından sonra “Mançester Yunayted”ə müvəqqəti baş məşqçi təyin edilmişdi. Lakin onun fəaliyyəti uğurlu alındığı üçün, klub rəhbərliyi ingilis mütəxəssisi baş məşqçi vəzifəsinə təsdiqləməyə qərar verib.
Maykl Karrik “Mançester Yunayted”i bütövlükdə 16 oyuna çıxarıb, 11 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət görüb. Komanda onun rəhbərliyi altında İngiltərə Premyer Liqasının cari mövsümünün sonuna bir tur qalmış 68 xalla 3-cü pillədə qərarlaşıb və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.


