Mehdi Burabiya və Dukens Nazon “Kayserispor”da

Türkiyənin “Kayserispor” klubu heyətini 3 yeni futbolçu – Mehdi Burabiya, Dukens Nazon və Otabek Şukurovla gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dukens Nazon Bolqarıstanın ÇSKA (Sofiya) klubundan azad agent kimi ayrılaraq Kayseri təmsilçisi ilə 2026-cı ilin 30 iyununa qədər müqavilə bağlayıb. Haiti yığmasının da üzvü olan 29 yaşlı hücumçu “Loryan”ın yetirməsidir. O, karyerası ərzində “Olimpik” (Sen-Kanten), “Laval”, “Kerala Blasters”, “Koventri Siti”, “Oldem Atletik”, “Sent-Trüden”, “Sent-Mirren”, “Keviyi Ruan” kimi klubların da formasını geyinib. 2022-ci ildən ÇSKA-da forma geyinən Nazon, Sofiya klubunun heyətində 62 oyuna 27 qol vurub, 8 assistlə yadda qalıb. O, Haiti yığmasında da 53 oyuna çıxıb, 28 qol vura imza atıb.

Mehdi Burabiya “Kayserispor”a İtaliyanın “Frozinone” klubundan gəlib. 32 yaşlı mərakeşli yarımmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmır. Fransanın “Qrenobl” klubunun yetirməsi “Lill”, “Lokomotiv” (Plovdiv), “Çerno More”, “Levski” (Sofiya), “Konyaspor”, “Sassuolo”, “Spetsiya” kimi komandaların da uğurları üçün çalışıb. O, bu mövsümün əvvəlində qoşulduğu “Frozinone”də cəmi 12 matça çıxıb. Burabiya Mərakeş yığmasında da fərqlənə bilmədiyi 8 oyun keçirib.

Özbəkistan millisinin də üzvü olan yarımmüdafiəçi Otabek Şukurov isə Türkiyənin digər klubu “Fatih Karagümrük”dən azad agent kimi ayrılaraq “Kayserispor”a keçib. 27 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi anlaşıb.

Şukurov 2022-ci ilin yayından “Fatih Karagümrük”də çıxış edirdi. O, bu komandada 46 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Şukurov daha öncə “Şarca”, “Bunyodkor”, “Buxoro” və “Maşal”da da forma geyinib. O, Özbəkistan millisində 61 matça çıxıb, 8 qola imza atıb.

Yeri gəlmişkən, Şukurovla yollarını ayırmış “Fatih Karagümrük” də heyətinə yeni futbolçu cəlb edib. Sözügedən klub Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli”nin hücumçusu Markaonu icarəyə götürüb. Tam adı Markos Vinisius Amaral Alves olan Markao satınalma şərti olmadan bu mövsümün sonuna kimi İstanbul klubunda oynayacaq. “İtuano”nun yetirməsi olan 29 yaşlı braziliyalı futbolçu 2023-cü ildən “Əl-Əhli”dəydi.

Xəbəri paylaş:
Bizi izləyin: