Futbol üzrə Kosovo yığmasının və İngiltərənin “Norviç Siti” klubunun sağ cinah vingeri Milot Raşiça “Beşiktaş”a keçib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Qara qartallar” 27 yaşlı futbolçunun transferi üçün ingilislərə 5,25 milyon avro ödəyiblər. Raşiça yeni klubu ilə 4 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb. O, İstanbul təmsilçisində 11 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Milot Raşiça 2021-ci ilin yayında Almaniyanın “Verder” klubundan 11 milyon avro qarşılığında “Norviç Siti”yə keçmişdi. O, İngiltərə komandasının heyətində 40 oyuna 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Kosovolu vinger ötən mövsümü Türkiyənin digər nəhəngi “Qalatasaray”da icarədə keçirib və Super Liqanın qalibi olub. O, “Beşiktaş”ın əzəli rəqibinin heyətində 30 oyuna 6 qol vurub, 7 assist edib.
Raşiça daha öncə “Vuştrria” və “Vitess”də də forma geyinib. Albaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Milot, 2016-cı ildən Kosovonun əsas millisinə dəvət alır. O, yığmada 48 oyuna 8 qol vurub.
Yeri gəlmişkən, bu yay “Beşiktaş”dan ayrılan Kevin Nkudu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Kamerunlu hücumçu “Damaç”la anlaşıb. 28 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Kevin Nkudu karyerası ərzində “Nant”, “Olimpik” (Marsel), “Tottenhem” və “Monako”da da çıxış edib. O, 2019-cu ildən formasını geyindiyi “Beşiktaş”da 108 oyuna çıxıb, 21 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub.
Sonda onu da qeyd edək ki, “Beşiktaş” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibidir. “Qara qartallar” Bakıdakı ilk oyunda 3:1 hesabıyla qalib gəliblər. Cavab görüşü bu gecə İstanbulda keçiriləcək.


