“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 19-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis qolsuz bitən matçdan (0:0) sonrakı mətbuat konfransında əvvəlcə bunları söyləyib:
“Pis oynamadıq. Oyuna yaxşı başladıq, ilk yarıda qol vurmaq üçün imkanlarımız var idi. “Sabah” da qol epizodları yarada bildi. İkinci hissə də dinamik və maraqlı keçdi. Hər iki komandanın qol imkanı var idi. Məncə, heç-heçə ən ədalətli nəticə oldu.
Fiziki hazırlıqla bağlı problemləri aradan qaldırmaq elə də asan həll olunan məsələ deyil. Bunun üçün daha çox vaxt lazım olacaq. Amma komanda ən azından mübariz şəkildə irəliləsə, əvvəlkindən daha yaxşı olacaq. Bu gün meydanda biganə qalan hansısa oyunçunu görmədim. Nəticə onlar üçün önəmli idi”.
Miodraq Bojoviç “Neftçi”nin indiki heyətinin hədəflərinə çatmaq üçün nə dərəcə yetərli olub-olmadığına da aydınlıq gətirib: “İki yeni oyunçu ilə müqavilə imzalamışıq. Onlar bizimlədir. Heyətdə iki zədəlimiz var. Fikrimcə, heyətdə olan oyunçular yetərli olacaq”.
“Sabah”ın baş məşqçisi Murad Musayev də matçdan sonrakı mətbuat konfransında fikirlərini paylaşıb: “Yaxşı ilk hissə keçirdik. Fasilədən sonra dinamika çox olmadı. Oyun çox dayandı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu gün stadiona gələn azarkeşlərin oyundan razı qaldığını düşünürəm.
Ayaz Quliyev “Qarabağ”a gedən Aleksey İsayevin boşluğunu doldura bildimi? İnanırıq ki, Ayaz öhdəsindən gələcək. Ona vaxt lazımdır. Bu gün işinin öhdəsindən gəldi. Bir futbolçuya görə oyun planını dəyişmək fikrimiz yoxdur. Yeni transfer gözlənilmir. Heç kimlə danışıq aparmırıq. Komandada gələnlər də olur, gedənlər də. Bu, normaldır. Dünəni düşünmürük. Hansısa futbolçu olmadan da oynamaq olar. Əlimizdə olan heyətlə nəticə qazanmağa çalışacağıq”.


