Rumın mütəxəssis Mirça Luçesku Kiyev “Dinamo”sunun baş məşqçisi vəzifəsini tərk etmək qərarına gəlməsinin səbəbini açıqlayıb.
Arena.az “Prosport.ro” portalına istinadən Luçeskunun bu barədə fikirlərini təqdim edir:
“Elə bir məqam gəldi ki, mən gənc oyunçulara yaşca daha yaxın olan gənc birinə bu yeri tutmaq üçün imkan haqda düşünməli oldum. Mənə duyğusal olaraq ağır gəldi. Mənim üçün ən çətin anlar hər oyundan əvvəl sükut dəqiqələri və ölkədəki vəziyyətə görə belə hala düşmüş əlilin meydana çıxması oldu.
Düşündüm ki, vəzifədən getməyin və son nəticələrə görə məsuliyyəti öz üzərinə götürməyin vaxtıdır. Dedim ki, məşqçinin elə vaxtı gəlir ki, o, özünü qurban verməlidir ki, başqaları bundan faydalansın. Mənə təsir edən bir neçə məqam oldu. Bəli, duyğusal vəziyyət və bütün bunlar. Mən uzun müddət düşündüm, klubun prezidenti ilə danışdım və ona dedim ki, bu vəzifəni daha gənc biri tutsa, yaxşı olar”, deyə Luçesku bildirib.
Xatırladaq ki, noyabrın 3-də Luçesku “Dinamo”dan ayrıldığını və məşqçilik karyerasını başa vurduğunu açıqlamışdı.
Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Təcrübəli mütəxəssis kiyevliləri 2020-ci ildən 3 tam mövsüm çalışdırıb. Luçesku bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu uğurla çalışdırıb. Rumın mütəxəssis “şaxtaçılar”a 8 dəfə Ukrayna çempionluğunu, 2009-cu ildə isə UEFA Kubokunu qazandırıb.
Mirça Luçesku zəngin məşqçilik karyerası ərzində Türkiyə millisini, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı, “Beşiktaş”ı çalışdırıb. Luçesku UEFA Çempionlar Liqasında qazandığı qələbələrin sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçilik karyerası ərzində 35 qənimət qazanmış Luçeskunu bu göstəricidə yalnız Aleks Ferqyuson və Xosep Qvardiola qabaqlayırlar.


