Mirça Luçesku hələ təqaüdə çıxmadığını açıqladı

Kiyev “Dinamo”sunun sabiq baş məşqçisi, rumın mütəxəssis Mirça Luçesku Ukrayna klubundan getməsinin təfərrüatını açıqlayıb.

Arena.az BSO dərgisinə istinadən məlumat verir ki, Luçesku məşqçilik karyerasını hələ başa vurmadığını da bildirib:

“Məşqçiliyə qayıdacağım doğrudurmu? Düzdür, təqaüdə çıxmamışam. Həyat yoldaşım Nelli Kiyevə köçməyə qorxduğu üçün “Dinamo”dan ayrıldım. Amma onu evdə tək qoymağı xoşlamırdım və özüm üçün narahat idim.

Mən sona qədər Kiyevdə qalmaq istəyirdim, amma şəhərdə ab-hava çox çətinləşdi. İndi vəziyyət getdikcə mürəkkəbləşir. Üç il belə şəraitdə qaldım, akademiyanın çoxlu tələbələrindən ibarət “Dinamo” komandasını qurdum.

Türkiyədə “Beşiktaş”ı çalışdıracağammı? Mən bütün seçimləri qiymətləndirirəm”, deyə Luçesku iddiasını ortaya qoyub.

Xatırladaq ki, cari ilin noyabrın əvvəlində Luçesku son iş yeri olmuş Kiyev “Dinamo”sundan ayrıldığını və məşqçilik karyerasına xitam verdiyini açıqlamışdı. Lakin görünən odur ki, qısa istirahətdən sonra təcrübəli mütəxəssis sevimli işinə davam etmək qərarına gəlib.

Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Təcrübəli mütəxəssis kiyevliləri 2020-ci ildən 3 tam mövsüm çalışdırıb. Luçesku bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu uğurla çalışdırıb. Rumın mütəxəssis “şaxtaçılar”a 8 dəfə Ukrayna çempionluğunu, 2009-cu ildə isə UEFA Kubokunu qazandırıb.

Mirça Luçesku zəngin məşqçilik karyerası ərzində Türkiyə milli komandasını, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı, “Beşiktaş”ı çalışdırıb. Luçesku UEFA Çempionlar Liqasında qazandığı qələbələrin sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçilik karyerası ərzində 35 qənimət qazanmış Luçeskunu bu göstəricidə yalnız Aleks Ferqyuson və Xosep Qvardiola qabaqlayırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: