Rumıniya yığmasının baş məşqçisi, rumın mütəxəssis Mirça Luçesku son iki ildə ikinci dəfə cərrahi əməliyyat ediləcək.
Arena.az bu barədə “Golazo.ro” dərgisinə istinadən məlumat verir.
2023-cü ilin yazında Luçeskunun şiddətli ağrılarına və sol bud nahiyəsində məcburi cərrahi əməliyyata səbəb olan omba nahiyəsində oynaq qığırdaqlarının tədrici sıradan çıxması, koksartroz mütəxəssisə yenidən təsir edir. Bu dəfə isə 79 yaşlı mütəxəssis sağ ombasından cərrahi əməliyyat ediləcək.
Mənbənin məlumatına görə, cərrahi əməliyyat oktyabrın əvvəlində da keçirilməli idi, amma Rumıniya yığmasının UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar təxirə salınmışdı. Qocaman məşqçi böyük ehtimalla dekabrda cərrahi əməliyyata girəcək.
Xatırladaq ki, Luçesku 2024-cü ilin avqustunda Runıniya yığması ilə 2 illik – müddəti 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Mirça Luçesku daha öncə də Rumıniya yığmasına rəhbərlik edib. Rumıniyalı çalışdırıcı 1981-1986-cı illər aralığında ölkəsinin millisinin baş məşqçi vəzifəsində işləyib.
2023-cü ilin noyabr ayında Luçesku Kiyev “Dinamo”sundan ayrıldığını və məşqçilik karyerasına xitam verdiyini açıqlamışdı. Lakin qısa istirahətdən sonra təcrübəli mütəxəssis sevimli işinə davam etmək qərarına gəlmişdi.
Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Luçesku bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu da uğurla çalışdırıb.
Rumın mütəxəssis zəngin məşqçilik karyerası ərzində Türkiyə milli komandasını da rəhbərlik edib. O, Buxarest “Dinamo”sunu, “Piza”nı, “Breşiya”nı, “Recina”nı, Buxarest “Rapid”ini, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı, “Beşiktaş”ı da çalışdırıb.


