Futbol üzrə Moldova millisinin yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Sergey Kleşenko çalışdıracaq.
Bu barədə Moldova Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Kleşenko ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Sergey Kleşenko bu postda Roberto Bordini əvəzləyib. Bordin bu ilin fevralında Moldova millisinin baş məşqçisi təyin olunmuşdu. Lakin fəaliyyəti uğursuz alınan italiyalı mütəxəssislə müqavilənin müddəti uzadılmayıb. Bordin 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.
Kleşenko daha öncə Moldova millisində həm Engin Fıratın, həm də Roberto Bordinin köməkçisi kimi fəaliyyət göstərib. Bundan öncə isə o, Moldovanın gənclərdən ibarət yığmasına rəhbərlik edib. 49 yaşlı moldovalı mütəxəssis əvvəllər “Rostov”, “Leyriya” klublarında köməkçi-məşqçi, “Zimbru” və “Milsami”də baş məşqçi kimi də çalışıb.


