Mübariz Orucov: “Vəziyyətin yaxşı olmadığının fərqindəyik”

“Neftçi”nin məşqçisi Mübariz Orucov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Nəsə danışmaq çətindir. Ardıcıl məğlubiyyətlərdən sonra qələbə qazanıb hər şeyi qaydasına salmaq istəyirdik. Alınmadı. Çətin dönəmdən keçirik. İnanıram ki, gələcəkdə hər şey yaxşı olacaq.

Problemlərin səbəbini bilirik. Bunun üzərində işləyirik. Hər hissədə fərqli oyun izlədik. Rəqib bizdən üstün oynadı. Səhvlərimizin üzərində işləyəcəyik. Qarşıda oyunlar var. Heç nə itirilməyib. Düzdür, vəziyyət yaxşı deyil. Biz də bunun fərqindəyik. Komandanı əvvəlki formasına qaytaracağıq.

Belə oyunlardan sonra paltardəyişmə otağında gərginlik olmasa da, məyusluq olur. Üzərimizdə hər hansı təzyiq yoxdur. Bədbinliyi üstümüzdən atmaq lazımdır”.

Mübariz Orucov final fitindən sonra azarkeşlərlə Mirabdulla Abbasov arasında yaranan insidentə də aydınlıq gətirib:

“Neftçi” azarkeşi daim qələbə istəyir. Bu, normal haldır. Düzdür, etikadan kənara çıxmaq olmaz. Bunlar emosionallıqdan doğan hadisələrdir. Mirabdulla Abbasov da hisslərini cilovlaya bilmədi. Fanatlardan kimsə ona qarşı təhqiramiz ifadələr işlətmişdi”.

Xəbəri sosial şəbəkələrdə paylaş: