Azərbaycanda 2022/2023 mövsümü bitən kimi Rusiyaya yollanan “Sabah”ın baş məşqçisi Murad Musayev ölkəsinin mətbuatına müsahibə verib.
Arena.az xəbər verir ki, paytaxt klubuna tarixində ilk dəfə gümüş medal və avrokuboklara vəsiqə qazandırmış 39 yaşlı mütəxəssis Rusiyada da maraqlı izlənir.
Onun sonuncu müsahibəsini bəzi ixtisarlarla təqdim edirik:
— Siz Azərbaycanda sürücülük tərzindən şikayətlənmisiniz. Bəs Krasnodarda daha yaxşıdır?
— Əlbəttə, Krasnodarda sənin öz zolağın var, onunla rahatca hərəkət edirsən. Bakıda isə dörd zolaqdan altısını düzəldirlər, üçündən beşini, hamı da zolaqların arası ilə sürür. Dönmə işıqlarını yandırmadan dönürlər, sürücülük mədəniyyəti yoxdur. Buna uzun müddətə alışdım. Mən yerli mentaliteti, ənənələri, mədəniyyəti artıq gözəl anlayıram. Yalnız iki şeyi anlamıram: sürücülük tərzini və hakimliyi (gülümsəyir).
— Qəzalar baş verib?
— Bir dəfə bir qız bamperə dirəndi, maşını daraqladı. Ən maraqlısı, mən çıxdım, o, geriyə verdi və narazı görkəmlə sürüb getdi.
— Bəs Krasnodarda?
— Gənclər komandasında işləyirdim, özümə “Mersedes” aldım, “C-Klass”. Salondan almışdım, dekabr, yeniilqabağı. Qış rezini lazım idi, ancaq bu, salonda çox baha idi, mağazadan almaq qərarına gəldim.
Təzə maşında salondan çıxıram, küçədə qar yağmağa başlayır, yol təmizdir, səliqə ilə sürməyə çalışıram. Döngədə qar var – məni elə sürüdü ki! İndicə “Mersedes” almışam – və 15 dəqiqə sonra belə bir şey. Fəlakət olmadı, sadəcə arxa qanadı bir qədər əydim. Amma necə acı idi!
— Bakı bir şəhər kimi Krasnodarı çoxmu üstələyir?
— Müasir şəhərdir, memarlıq üslubu səciyyəvidir, müasirliyin və tarixin qarışığıdır. Bakıda Formula-1-in mərhələsi göydələnlərin arasında başlayır, sonra maşınlar köhnə şəhərin yanından ötürlər, “Brilyant əl”in çəkildiyi yerdən, qala, Heydən Əliyev Muzeyi tərəfdən, hansını ki Zaha Hadid layihələndirib…
— Dayan-dayan: siz Zaha Hadidi tanıyırsınız?
— Hə, amma bilmirdim ki, bu muzeyi o, layihələndirib!
— Krasnodarda belə şeyə rast gəlməzsən.
— Dünən Krasondarın mərkəzi ilə gəzişirdim. Baxıram – yüzillik evlər dayanıblar. Düşünürəm “Nə üçün bunları götürüb yerində parklar, ofislər tikmirlər?”. Ancaq bütün bunlar mənə doğmadır, mənim üçün Krasnodardan gözəl şəhər yoxdur. Ancaq həm də etiraf etmək lazımdır ki, şəhər daha da yaxşılaşır.

“Artıq “Sabah”ın digərlərinə bənzəməyən öz üslubu var”
— “Sabah”la gümüşünüz və avrokuboklara vəsiqəniz var – Siz eynisinə “Krasnodar”la nail olmusunuz. Müqayisəli uğurdur?
— Bakıda daha çətindir. “Sabah” aşağıda yer almışdı, mən hər şeyi başdan başladım. Üslub, fəlsəfə yox idi. Klub gəncdir, ona başqalarından fərqlənmək vacib idi.
— “Krasnodar”ın fəlsəfəsini aşılamışdınız?
— “Sabah” rəhbərliyi kmi dəvət etdiyini anlayırdı, necə oynadığımı bilirdi. Mənim beş müdafiəçi ilə müdafiədən oynamağımı təsəvvür etmək çətindir. Biz oyunun strukturunu dəyişdik, çünki oyunçuların seçimi, hər halda başqadır, fəlsəfəni isə yox. Cəsarətlə demək olar ki, indi “Sabah”ın Azərbaycanda digərlərinə bənzəməyən öz üslubu var.
— Azərbaycanda futbolun səviyyəsi – bu, nədir?
— Ən parlağı – “Qarabağ”ın oyunudur. Komanda 15 milyon dəyərindədir, avrokuboklarda isə mütləq dərəcədə əntiqə oynayır: “Ferentsvaroş”, “Sürix”, “Nant”, “Olimpiakos” üzərində qələbələr. “Gent”i demək olar ki, keçdilər – birinci oyunda 1:0 qalib gəldilər, oyunda üstələdilər, ikinci oyunda isə penaltilərlə məğlub oldular. Talalayev, Kaleşin Qurban Qurbanovun yanına staj artırmağa düşmək istədiklərini əbəs yerə demirlər.
— Bəs siz?
— Bizim çox yaxşı münasibətlərimiz yarandı. Amma indi biz rəqiblərik və bu, mümkünsüzdür. Gələcəkdə bunun içəridən necə işləməyinə məmnuniyyətlə baxardım.
— Azərbaycanda Fransa və İspaniyadan legionerlər daha çoxdur, nəinki Rusiyadan. Nədən ruslar ora getmirlər?
— Azərbaycan bazarı İspaniya Sequndasına, Portuqaliyanın ikinci liqasına yönəlib. Oyunçuların səviyyəsi yaxşıdır, maliyyə sorğuları isə aşağıdır. Rusiyadan bura yalnız azərbaycanköklü gənc oğlanlar gedirlər.
— Futbolçu tanışlarınızdan kimsə sizdən xahiş edib?
— Hə, amma müxtəlif səbəblərdən bir razılığa gələ bilmədik. Klubda müəyyən edilmiş bir struktur var. Oyunçunu ilk olaraq seçim şöbəsi baxışdan keçirir, daha sonra rəhbərlik maliyyə tərəfini müzakirə edir. Əgər hər şey uzlaşırsa, məşqçilər qərargahı baxır və yekun qərar qəbul edilir. Bu ardıcıllığı yan ötmək, öz oyunçularımı calamaq istəmirəm.
“Azərbaycanda bununla əlaqədar vəziyyət heç də yaxşı deyil”
— Adamlar deyəcəklər ki, sizi orada qovurlar, sizi burada qovublar. Məsələ dəqiqmi hakimlərdədir?
— Məni orada hamıdan çox qovurlar. Rusiyada səni səliqə ilə tənbeh edə bilərlərsə, Azərbaycanda bunu daha az peşəkarlıqla edirlər. İldən ilə buna dözmək mənə daha çətindir. Kim nə deyər – bu haqda mən ən axırda qayğılanıram. Həm “Krasnodar” və həm də “Sabah” dürüst oynayırlar. Kimə lazımdır – anlayar. Daha artığını mən deyə bilmərəm.
— “VAR Rusiyadan gedəndə rahat nəfəs aldım. Azərbaycanda yarım il VAR-sız köhnə xeyirxah futbol vardı, mən şad idim”. Bu nə mühafizəkarlıqdır?
— Yox, mən VAR-a ikiəlli varam! VAR – futbolda ən yaxşı təzahürlərdən biridir. Ancaq o halda ki Rusiyada VAR-a altı dəqiqə baxılır, o halda bunun ucbatından oyun sınır… Avropada təkrarları yarım dəqiqə izləyirlər, bizdə isə uşaqlara tribunadan görünənə də göz yetirirlər.
Siz şərti olaraq, cədvəlin aşağı hissəsindən qapalı komanda ilə oynayırsınız. Soyuqdur, vaxt daralır, bu VAR da başlayır… Futbol yoxdur! Dinamika düşür, Avropa səviyyəsində oynayanda bundan əziyyət çəkirik. Azərbaycanda da bununla əlaqədar vəziyyət heç də yaxşı deyil. Rusiyada heç olmasa göstərirlər: bu hakim səhv etdi, biz onu Birinci Liqada hakimliyə göndərdik, onu poliqrafda yoxlayırlar, qovurlar. Görünür ki, iş görülür. Azərbaycanda bununla bağlı daha çətindir.
Krasnodarda mənim hakimlər üçün profilim var idi: bu, çox fit verir, o biri ilə əksinə, daha mehriban olmaq lazımdır, bununla mübahisə etmək olmaz, digərinin təkbətək mübarizələrə icazəsi yüksək səviyyədədir və s. Azərbaycanda əksər hakimlərin profilini tərtib edə bilmirəm. Gah bir tur sərt hakimlik edir, gah da sonra külək əsdiyi üçün penalti verir.

— Rusiya Premyer Liqasından təklifləriniz olub?
— “Sabah”la müqavilə imzalayan kimi – hə.
— Top-8-dən?
— Hə.
— “Rubin” olub?
— Hə, Slutski gedəndə, mənə yanvarda zəng etmişdilər.
— İnişil yayda siz Slutskinin yanında stajartırmada idiniz. Rusiya üçün o, hələ də yüksək səviyyəli məşqçidir?
— Hə, əlbəttə! Rusiyanın ən titullu məşqçilərindən biridir, hər şeyi sübut edib.
— Əminəm, onun “YouTube” kanalını izləyirsiniz. Sizə necə təsir bağışlayır?
— «Komment.Trener» xoşuma gəlir, bütün buraxılışlarına baxmışam.
— Bəs Dzyuba ilə?
— (gülümsəyir) Leonid Viktoroviç istədiyi hər şeylə məşğul olmaq hüququndadır. Görünür ki, o, həzz alır. Mən baxmışammı? Hə, baxmışam. Gülməli idimi? Hə, gülməli idi. Leonid Viktoroviçin istədiyi hər şeyi etməyə hüququ varmı? Əlbəttə, var.
“Bu, məndə ancaq “Sabah”da olanda yaranıb”
— Necəsə dilxoşluq etmisiniz ki, nəzəri olaraq bizim həmkarımız – jurnalist ola bilər. Zaraftdır, yoxsa gerçəkdən belədir?
— Təhlilə aid olan layihələr maraqlıdır. Vaxtım olanda, belə verlişlərdə məmnuniyyətlə iştirak edirəm.
— İviçin məvacibi ildə ən azı iki milyon avrodur. Sizdə nə qədər az olub?
— Az. Sadəcə az.
— Rahat həyat üçün sizə ən azı nə qədər lazımdır?
— 500 min ailəm üçün. Ümidvaram. (gülümsəyir)
— Bu yaxınlarda yazmısınız ki, “Sabah”da sizin “maliyyə planında ən güclü müqaviləniz” var. Necə?
— Yaxşı, mən razıyam!
— Xasiyyətinizin hansı xüsusiyyətindən qurtulmaq istərdiniz?
— Məğlubiyyətə reaksiyam xoş gəlmir. Əvvələr belə halı xatırlamıram, indi isə həddən ziyadə duyğusal oluram. Müvafiq reaksiya həddindən artıqdır, düzgün deyil. Məndə ancaq “Sabah”da olanda yaranıb. İkincisi – məni nəyin qane etmədiyini adamlara həmişə birbaşa deyirəm.
— Burada pis nə var ki?
— Buna hamı düzgün münasibət göstərmir, inciyirlər. Mən, əksinə, insanlarda açıqlığı sevirəm.
— Həmişə yaşınıza müvafiq olmayan qədər ciddiyətiniz var. Özünüzü hansı yaşda hiss edirsiniz?
— Öz yaşımda. Mənim öz yaşım özümə xoşdur. Sən nisbətən cavansan, ancaq daha müəyyən təcrübən var, öz fəaliyyətinə tez-tez qiymət verirsən, hər şeyi daha şüurlu qiymətləndirirsən.
İndi özümü, məsələn, 30 yaşımda olduğumdan daha yaxşı hiss edirəm.
Xatırladaq ki, Murad Musayev 2021-ci ilin oktyabr ayından “Sabah”a rəhbərlik edir. Paytaxt klubu bu məşqçinin rəhbərliyi altında meydana çıxdığı 61 oyundan 37-də qələbə qazanıb, 11 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.


