“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 4:3 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox parlaq oyun gördük. Sona qədər qalibin kim olacağı bəlli deyildi. Əlbəttə, belə matçlar azarkeşlərin çox xoşuna gəlir. Amma məşqçilər belə oyunları sevmirlər. Vacib olan qələbə idi. Qalib gəldiyimiz üçün çox şadam”.
Murad Musayev milli komandamızın da üzvü olan Aleksey İsayevlə “Qarabağ”ın maraqlandığı barədə sualı da cavablandırıb:
“Bunlar şayiələrdir. Şayiələrə şərh vermək istəmirəm. Kluba heç bir təklif gəlməyib. Təklif olsa, müzakirə edə bilərik. Mən baş məşqçi olaraq onun getməyini istəmərəm”.
“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının məğlub olduğu və kubokla vidalaşdığı matçdan sonra bunları söyləyib:
“Komandamız yaxşı mübarizə apardı. Azarkeşlərin görmək istədiyi futbolu oynamaq istəyirik. Rəqib bu gün öz ustalığını göstərdi. Gələcəyə baxacağıq. Artıq bizim üçün kubok bitib. Bundan sonra çempionatı düşünəcəyik.
Əlavə vaxta hazır idik. Futbolçularla bu haqda danışmışdıq. Əlavə vaxtda iki əvəzetmə etməyi planlaşdırırdıq.
Hakimlik məncə, normal oldu. Oyunda bəzən hakimlərlə emosional danışırıq. Hakimlərin böyük səhvi yox idi.
Əsas heyət oyunçularını ehtiyatda saxlamağımız onların əvvəlki oyunlarda çox yüklənmələri ilə bağlı idi. Çünki zədələnə bilərdilər. Oyunçuları qorumaq istəyirdik. Heyətdə olan bütün futbolçulara inanırıq. Adama Niane bu gün uğurlu çıxış etdi. Zədədən sonra çox istəkli idi. O, istədiklərimizi edir. Cavad Kərimov da yaxşıdır. Sevindirici haldır ki, Cavad Niane kimi hücumçunun yanında nələrisə öyrənir”.


