Murad Musayev: “Biz güclüyük, heç kimdən qorxmuruq”

“Sabah”ın baş məşqçisi Murad Musayev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkatmasının nəticələrini dəyərləndirib.

Arena.az xəbər verir ki, bu gün Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən, ilk dəfə avrokuboklarda çıxış edəcək “Sabah” “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Murad Musayev debütdə qarşılaşmaq ehtimalı olan rəqiblərlə bağlı klubun rəsmi saytına bunları söyləyib:

“Avrokuboklarda debüt edəcəyimizi nəzərə alsaq, istənilən klubla oyun bizim üçün ciddi sınaqdır. RFS Latviya çempionatının liderlərindən biridir və ötən mövsümdə Avropa Konfrans Liqasının qrup mərhələsində iştirak edib. Bu komandanın əsas üstünlüyü hazırda çıxış etdiyi ölkədə çempionatın davam etməsidir ki, bu da onlara avrokubok oyunlarına əla formada gəlmələrinə şərait yaradacaq.

“Makedoniya” ardıcıl ikinci ildir, ölkə kubokunu qazanır. Bu amil onların pley-off matçlarında oynamaq bacarığından xəbər verir. Növbəti mövsümün hazırlığına bu gündən başlayacağıq. Biz komanda olaraq güclüyük, heç kimdən qorxmuruq. Bütün gücümüzü ortaya qoyaraq, cəsarətli futbol sərgiləməyə çalışacağıq”.

Xatırladaq ki, Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları isə avqustun 3-də baş tutacaq. “Sabah” ilk oyununu səfərdə keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: