“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 10-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün çox vacib qələbə idi. Futbolçular xarakter göstərdilər. Əvəzetmədən oyuna girənləri də xüsusi qeyd etmək istəyərdim. Bərabər səviyyəli oyun oldu. “Sumqayıt”a xüsusi təşəkkür edirəm ki, biz avrokuboklarda oynayanda matçın təxirə salınmasına razılıq verdilər.
İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Əzmkar qələbəyə görə çox şadam. Hamının çiynində yük var idi. Çox sadə qollar buraxırdıq. İnanıram ki, düşdüyümüz vəziyyətdən çıxacağıq. Düzdür, heyətdə itkilərimiz var. Vensan Till, Jarl Marqarita millidə zədələniblər. Düşünürəm ki, bərpa ola biləcəyik”.
Murad Musayev qapıçı Yusif İmanovun cari mövsümdə bir neçə dəfə yaxın küncdən qol buraxmasına da münasibət bildirib:
“Bu, təbii ki, bizim üçün problemdir. Hər qolun öz səbəbi var. Yusif bəzən canlı səddi düz qurmur, bəzən düzgün mövqe seçmir. Paltardəyişmə otağında Yusiflə və qapıçılarla işləyən məşqçimizlə çox sərt danışdım. Dedim ki, belə hal qəbuledilməzdir.
“O jest sırf Murad Musayevə və “Sabah”a ünvanlanmışdı”
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasıın məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“Rəqibi təbrik edirəm. Bu gün ən yaxşı oyunlarımızdan birini keçirdik. Yeni gələn oyunçular üçün bir az çətindir. “Sabah”ı ilk dəfədir görürlər. Top rəqibdə olanda da nə etməli olduğumuzu bilirdik. Futbolçuları təbrik etdim. 4 gündən sonra bu rəqiblə təxirə salınmış oyunumuz olacaq. Bizi məyus edən İsa Sulimanın zədələnməsidir. Zədəsi ciddi olsa, onu layiqincə əvəz edən olacaq”.
Abasov aldığı sarı vərəqəyə də münasibət bildirib: “Artıq hakimlər hər sözə sarı vərəqə verirlər. Məşqçi sözünü deməlidir. Biz də oyunun içindəyik. Fikriniz nədir sizin? Bəzi şeylərdə güzəşt olmalıdır. Bunlar oyunun bir hissəsidir. Öz işlərini rahatlaşdırmaq üçün edirlər. Ümumi olaraq bu gün hakimlik pis deyildi. Mənim sarı vərəqə görməyim normaldır. Bu, birinci dəfə deyil. Bundan sonra da olacaq”.
Samir Abasov həmkarı Murad Musayevin tez-tez rəqiblərin çox vaxt aparmasından şikayətlənməsinə də sərt reaksiya verib: “Oyun zamanı etdiyim jest sırf Murad Musayevə və “Sabah”a ünvanlanmışdı. Ona görə idi ki, bax, sənin də başına gələ bilər. Mənim oyunçumun dizi ağrıyırsa, bu, vaxt aparmaq deyil. Öz futbolçuları oyundan sonra yaxınlaşıb soruşur ki, məşqçiyə nə deyirdin? Cənab baş məşqçi, kimisə qınayırsızsa, yadınıza bir hadisəni salım. Mən “Neftçi”də baş məşqçi olanda “Sabah” bizi 2:0 udurdu. Həmin oyunu 2:2-yə gətirdik. Hondanın təmiz qolu sayılmadı. Bu vaxta qədər Azərbaycan çempionatının ən mükəmməl vaxt uzadanı Saşa Stamenkoviç idi. O da “Sabah”ın qapıçısı olub. Onda “CBC Sport”un ekspertləri məni qınadılar ki, nədən narazısan? Udmaq istəyirlər, vaxt aparırlar. Halbuki, qol vurub önə çıxmışıq. Onda hətta öz klubumuzun rəhbərliyi də dedi ki, niyə hakimdən danışırsan. Bu gün belə danışıqlar düzgün deyil. Mən “Sumqayıt”a yeni gəldiyim zamanlarda vaxt apardığı üçün komandadan futbolçu qovmuşam, cərimələr yazmışam. Mənim komandam heç bir zaman vaxt aparmayıb. Bunu edən rəqiblərə də heç nə deyə bilmərəm. Hansı ki, bu gün “Sabah” edir”.


