“Sabah”ın baş məşqçisi Murad Musayev Avropa Konfrans Liqasında RFS-ə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq səfər matçından öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Komanda olaraq yaxşı hazırlıq keçdik. Bütün futbolçular sabahkı oyunu gözləyir. Hazırda Latviyada çempionat davam edir. Bu rəqib üçün üstünlük sayıla bilər. Lakin bunda qorxulu heç nə yoxdur. Hər şey bizim özümüzdən asılıdır.
Azarkeşlərimizə demək istərdim ki, yaxşı nəticə üçün var qüvvəmizlə sona kimi mübarizə aparacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, iyulun 26-da baş tutacaq RFS – “Sabah” oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Masazırda keçiriləcək.
Sonda onu da xatırladaq ki, “Sabah”ın heyətində baş məşqçi Murad Musayev və 4 köməkçisinin, həmçinin, qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovun Rusiya vətəndaşlığı olduğu üçün Latviyaya girişində problem yaranmışdı. Çünki Latviya qanunlarına görə isə Şengen vizası olmayan Rusiya vətəndaşları bu ölkəyə buraxılmır. Bu gün Latviyaya yola düşən komandamızın sözügedən ölkədə necə qarşılanacağı sual altında idi. Komandamızın adları qeyd olunan üzvləri Latviyaya buraxılmasa, məsələ ilə bağlı yekun qərarı UEFA verəcəkdi. “Sabah” bununla bağlı qitə futbol qurumuna rəsmi müraciət də ünvanlamış və oyunun başqa ölkədə təşkil olunmasını xahiş etmişdi. Problemin ciddiliyini nəzərə alaraq AFFA-nın baş katibi Sərxan Hacıyev də komandamızla birgə Latviyaya səfərə yollanmışdı. Xoşbəxtlikdən Latviya tərəfi komandamızın üzvlərinə problem yaratmayıb və onları ölkəyə buraxıb.
“Sabah”la RFS arasındakı ilk oyun sabah Riqada keçiriləcək. Bu oyuna saat 22:15-də start veriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Masazırda baş tutacaq


